Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) vergi qanunvericiliyinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı banklara verilən möhlət məsələsinə birgə münasibət bildirib.
FED.az xəbər verir ki, ABA-dan verilən məlumata görə, vergi qanunvericiliyinə edilən dəyişikliklər 2017-ci il 1 yanvar tarixindən etibarən qüvvədədir və burada nəzərdə tutulan vergilər bu tarixdən etibarən hesablanmalıdır: "Bu məqsədlə elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı texniki məsələlərin həll edilməsi istiqamətində Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında sıx şəkildə əməkdaşlıq edilir. Banklar tərəfindən qısa müddət ərzində qanunvericiliklə müəyyən olunmuş vergilərin hesablanması ilə bağlı müvafiq texniki məsələlər həll edildikdən sonra vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezidentlərdən alınan iş və xidmətlərə görə onlara aparılan ödəmələr və qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrinə pul vəsaitlərinin köçürülməsi üzrə əməliyyatlar təhlil ediləcək, qanunla müəyyən olunmuş qaydada vergilərə cəlb edilməmiş əməliyyatlar üzrə vergilərin tam məbləğdə hesablanması və dövlət büdcəsinə ödənilməsi, habelə qanunla müəyyən olunmuş qaydada vergilərin hesablanması nəzərdə tutulmayan əməliyyatlar üzrə tutulmuş vergilər üzrə alıcılarla (müştərilərlə) yenidən haqq-hesab edilməsi təmin ediləcəkdir".