Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi daxil olub.
Nazirlikdən FED.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3 faiz (239,9 milyon manat) artıb. Məlumata görə, qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və sair daxilolmalar istiqamətində olub: “ƏDV daxilolmalarında artım 18,3 faiz, mənfəət vergisi üzrə 33,7 faiz, əmlak vergisi üzrə 13,3 faiz, dövlət rüsumları üzrə 63,2 faiz, sair daxilolmalar üzrə 45,1 faiz, mədən vergisi üzrə 18 faiz, aksizlər üzrə isə 4.6 dəfə təşkil edib”.
Bundan başqa əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur: “ƏDV üzrə göstərici 24,9 faizdən 25,3 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4 faizdən 32 faizə, aksiz vergisi üzrə göstərici 7,1 faizdən 7,4 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 faizdən 1,8 faizə, mənfəət vergisi üzrə göstərici 36,4 faizdən 38,2 faizə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7 faizdən 29,6 faizə qalxıb”. Nazirliyin məlumatında qeyd olunur ki, cari ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib: “Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4 faiz), rabitə sahəsində (40,6 faiz), nəqliyyat sahəsində (26,1 faiz), xidmət sektorunda (22,6 faiz), ticarət sahəsində (13,3 faiz), o cümlədən pərakəndə ticarətdə (32,4 faiz), tikinti sahəsində (9,6 faiz), digər fəaliyyət sahələrində (25,6 faiz) qeydə alınıb”.
Vergi daxilolmalarında ən yüksək artım bank və sığorta sektorunda olub
11:56
2 İyul 2019