Adının “Kremlin siyahısı”na salınması ilə əlaqədar olaraq “Lukoil”in prezidenti Vahid Ələkbərov bəzi layihələrin reallaşdırılmasında ləngimələrin olacağını bəyan edib. FED.az xəbər verir ki, bu barədə Ələkbərov xarici mediaya müsahibəsində bildirib.
“Əlbəttə, bu siyahıda yaxşı bir şey yoxdur. Lukoil qlobal bazarda çalışır və bizim tərəfdaşlarımız artıq alqı-satqı məsələlərinə daha həssas yanaşacaq”, deyən V.Ələkbərov onu da əlavə edib ki, Lukoil hələki bu siyahının doğura biləcəyi təhlükələri tam olaraq qiymətləndirməyib.
Qeyd edək ki, Lukoil Azərbaycanın neft sektorunda təmsil olunmaqla yanaşı, maliyyə sahəsində də aktivdir, Azərbaycanda fəaliyyət göstərən Nikoil Bankın səhmdarıdır.
Bundan başqa, V.Ələkbərovun Azərbaycanın bank sektorunda daha böyük payla təmsil olunmaq planları ilə bağlı müəyyən ləngimələrin də olacağı güman edilir.
Xatırladaq ki, ABŞ sanksiyalar çərçivəsində Rusiyanın yüksək rütbəli məmurlarının və ən iri biznesmenlərinin adını “Kreml siyahısı”na salıb. Siyahıya düşən 210 nəfərdən 96-sı məhz biznesmendir. Bu siyahıda eyni zamanda sərvəti 1 milyard dollar dəyərləndirilən Vahid Ələkbərov da var.