“Prezidentin göstərişinə əsasən, bankların sağlamlaşdırılması prosesi davam edir”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bankların diaqnostikasının davam etdiyini deyən millət vəkilinin sözlərinə görə, sözügedən sektorda yaranmış hazırkı vəziyyət daha bir neçə bankın bağlanacağından xəbər verir:
“O banklar ki, maliyyə imkanları yoxdur, kredit portfeli aşağıdır və likvidliklə bağlı problemləri var, onlar ya birləşəcəklər, ya da bağlanacaqlar.
Bu proses hələ bir müddət, maliyyə bazarlarında və bank sistemində müəyyən problemlər aradan qalxana, yəni Azərbaycanda sağlamlaşdırılmış banklar fəaliyyət göstərənədək davam edəcək.
Qarşıda konkret bağlanacaq banklarla bağlı məlumat verə bilmərik. Çünki bu barədə qərarları yalnız Maliyyə Bazarlarına Nəzarət Palatası verir”.
Qeyd edək ki, bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında qeyd etmişdir ki, hazırda bazarda kapitalsız bankları görmürük:
“2016-cı ilin yekunlarına baxdıqda biz bank sektorunda bir sıra problemlərin artıq stabilləşdiyini söyləyə bilərik. Banklarda qeyri-işlək aktivlər artıq ötən ilin ortasından sabitləşib və ilin sonuna doğru bir qədər də azalma müşahidə edilib.
İntensiv dollarlaşma prosesləri də səngiyib və ən əsası bu gün biz sistemdə kapitalsız bankları görmürük. Bu artıq bizim maliyyə sektorunun keyfiyyətcə yeni bir funksiyada aktiv maliyyə vasitəçisi kimi çalışması istiqamətində ikinci faza tədbirləri realizasiya etməyimizə əsas imkan yaradır”.
axar.az©