"Unibank" ASC-nin nizamnamə kapitalının 21 mln. manat artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsündə dəyişikliklər olacağı gözlənilir. Dəqiq bölgünü yaxın vaxtlarda biləcəyik”.
FED.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Unibank”ın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov deyib.
O, bundan əvvəlki təxminən 49 mln. manatlıq kapital artımının yekununda olduğu kimi bu dəfə də xarici səhmdarların payının 50%-dən çox olmayacağını deyib: "İnanmıram ki, bu, baş versin. Hazırda yerli səhmdarların payı 50%-dən yuxarıdır. Yeni 21 mln. manatlıq kapital qoyuluşu reallaşdıqdan sonra da üstünlük yerli səhmdarlarda olacaq”.
İH-nin sədri həmçinin bildirib ki, “Unibank”a yeni səhmdarların cəlb edilməsi ilə bağlı məhdudiyyət yoxdur: Bununla belə, onun sözlərinə görə, Bankın kapitalının artırılmasında yeni səhmdarlar iştirak etmir: "Kapital Yəni kapital artımı məhz mövcud olan səhmdarların hesabına mümkün olub”.
Xatırladaq ki, "Unibank" ASC 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119,686 mln. manatdır. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.