“Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov xarici valyutada ticarət idxal əməliyyatları zamanı valyuta rejiminin sadələşdirilməsinə dair qərarını düzgün hesab edir.
Eləcə də bax: «Pul üstündə oturmuşam, pul verməyə yer yoxdur» - BANK SƏDRİ REAL VƏZİYYƏTİ AÇIQLADI
FED.az xəbər verir ki, “Bu problem daha çox bankların problemi id, nəinki sahibkarların. Lakin bütövlükdə, bu düzgün qərardır və bu sahədə mövcud olan praktiki problem həll olunmalıdır. Xüsusilə, yeni rejim kiçik və orta biznesin bütün problemlərini həll edəcək”, - Hüseynov jurnalistlərlə söhbət zamanı bildirib.
O əlavə edib ki, əvvəl sahibkarlar öncə qüvvədə olan qeyri-məntiqli cərimələr ödəmək məcburiyyətində olublar.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 2 il müddətinə qədər uzadılıb. İndiyədək bu müddət 270 gün olub.
Bundan əlavə, bankdan bildirilib ki, idxal olunmayan mal və xidmətlərin dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilib. Hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynayıb. O cümlədən, son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.
Tənzimləyici gözləyir ki, valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaq.
İnterfaks