“Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər.
FED.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya çempionatında yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.
Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov bildirib ki, indi komandanın qarşısında duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında qələbə qazanmaqdır: “Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq ki, idmançılarımızın səyi və daim bizim yanımızda olan Unibank komandasının dəstəyi ilə Tokiodan qələbə ilə qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram”.
Tokio-2020-yə lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının nəticələrini çox uğurlu hesab edir: “Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq. Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox sürətlə inkişaf edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi hazırlaşmalıyıq”.
Komanda üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını qaldırmaqdır: “Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik. Mən buna görə Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir, komandamızın yanındadırlar. “Unibank”ın dəstəyi olmasaydı biz çempionata belə inamla hazırlaşa, qələbəyə hədəflənə bilməzdik”.
Qeyd edək ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılıb.
Unibank Tokio-2020-də paralimpiyaçılara böyük qələbələr arzulayır!