"Unibank" səhmlərini kütləvi satışa çıxarır. Bakı Fond Birjasından (BFB) FED.az-a verilən məlumata görə, bank səhmlərinin kütləvi təklifi üçün BFB-yə müraciət edib. Artıq «Unibank»» səhmlərinin kütləvi təklifi üçün Listinq prosesi başlanılıb. Listinq prosesi sona çatdırıldıqdan sonra müvafiq sənədlər və maliyyə hesabatları Bakı Fond Birjasının internet səhifəsində yerləşdiriləcək.
Bu əməliyyat çərçivəsində bankın 3 676 471 ədəd səhmi kütləvi satışa çıxarılacaq. Səhmlərin nominal dəyəri 2,72 manatdır. Səhmlərin alınması abunə yazılışı vasitəsilə həyata keçiriləcək, abunə yazılışının son tarixi 22 dekabr 2017-ci ildir. Səhmlərin kütləvi təklifi zamanı anderrayter qismində “Unicapital İnvestisiya Şirkət”-i çıxış edir.
Unibank 2002-ci ildə Azərbaycanın iki aparıcı özəl bankının birləşməsi nəticəsində Unibank adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır.
"Unibank" səhmlərini kütləvi satışa çıxarır
15:17
14 Dek 2017