“Unibank” KB ASC 2020-ci ilin ilk 3 ayının maliyyə nəticələrini açıqlayıb.
Eləcə də bax: Evdə oturub "Unibank"ın bu xidmətindən istifadə etmək olar - SİYAHI
FED.az xəbər verir ki, 31 mart 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 6.3 milyon manat təşkil edib. Birinci rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 21 milyon manat olub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 2020-ci ilin 1-ci rübündə Unibankın faiz gəlirləri 11% artaraq 22 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın aktivlərinin həcmində 31 milyon manat - 4% artım qeydə alınıb. Bununla da hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 756 milyon manat təşkil edib.
İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində artım qeydə alınıb. Hesabat dövrünə Bankın məcmu kapitalının həcmi 8% artaraq 87 milyon manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 57% və ya 32 milyon manat olub.
“Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2020-ci ilin ilk rübünün maliyyə nəticələrini müsbət dəyərləndirib: “Ölkəmiz, eləcə də bank sektoru üçün o qədər də asan olmayan bu rüb ərzində komanda olaraq maksimum çalışdıq ki, iqtisadiyyatımıza dəstəyimizi bütün gücümüzlə davam etdirək. Unibank səhmdarları və rəhbərliyi koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarımıza mənfi təsirinin qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləyərək, bu işə öz töhfəsini verməkdə davam etdi. Bank, iqtisadiyyatdakı mümkün mənfi dəyişikliklərə xüsusilə həssas olan müştərilər üçün öz dəstək proqramını bir qədər də genişləndirdi. İkinci rübün də ölkə iqtisadiyyatı, eləcə də bank sektoru üçün o qədər də asan keçməyəcəyi aydındır. Bununla belə, Unibank olaraq ölkə iqtisadiyyatına, real sektora dəstəyimizi davam etdirmək, hər bir müştərimizin yanında olmaq, onlara xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq istiqamətində komandamızla birlikdə səylərimizi daha da artıracağıq”.
2020-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon manat (və ya 14%) artaraq 521 milyon manata çatıb. İlin ilk 3 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin uyğun dövrü ilə müqayisədə 8% artıb.
Birinici rüb ərzində “Unibank”ın depozit portfeli 487 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə ötən ilin uyğun dövrü ilə müqayisədə illik artım 14.9 milyon manat və ya 10% olub.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin birinci rübü ilə müqayisədə 31 mart 2020-ci il tarixinə debet kartlarının sayında 37% artım qeydə alınıb.