“Unibank” KB ASC istiqraz sahiblərinə ilk faizlərini ödəyib. Bankdan FED.az-a verilən məlumata görə, Unibank-ın tədavülə buraxdığı hər birinin nominal dəyəri 10 min dollar, ümümi dəyəri 10 milyon dollar olan 1000 ədəd faizli, sənədsiz, adlı təmin edilməyən istiqraz, 28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında keçirilən hərrac zamanı yerləşdirilib. Emissiya prospektinin şərtlərinə görə, faiz gəlirləri istiqraz sahiblərinə hər 90 gündən bir ödənilir.
Qeyd edək ki, Unibank istiqrazları hazırda bazarda dollar valyutasında ən yüksək gəlirliliyi olan istiqrazlardandır. İllik 6% gəlirliliyə malik istiqrazların tədavül müddəti 6 ildir və istiqraz sahibləri müddətin sonunadək 24 dəfə faiz götürə biləcəklər.
Qeyd edək ki, Unibank-ın istiqrazları ilə yanaşı, qiymətli kağızlar bazarında digər istiqrazlar, o cümldən SOCAR İstiqrazları da dövriyyədədir. Unibank istiqrazları ilə SOCAR İstiqrazlarının arasında əsas fərq ondan ibarətdir ki,
SOCAR İstiqrazlarına SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti verilib və bu istiqrazların likvidliyi yüksəkdir. Nəticədə SOCAR istiqrazlarının qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.
Unibank istiqrazlarında isə belə üstünlüklər yoxdur, bu istiqrazlar üzrə marketmeyker olmadığına görə, Unibank istiqrazlarını istənilən vaxt satmaq mümün deyil, alıcı tapıldıqda isə onun qiyməti böyük ehtimalla nominaldan aşağı olacaq.
Başqa sözlə, bu istiqrazlara yatırım edən investor vəsaitlərinin bir neçə il bankda qalmasına, hər il yalnız faizləri alacağına hazır olmalıdır.
Qeyd edək ki, bu istiqrazlar bankın törəmə şirkəti olan Unicapital İnvestisiya şirkəti tərəfindən uğurla yerləşdirilib. Unibank bildirir ki, istiqrazların satışından əldə edilən vəsait ixrac potensiallı qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilir.
Unibank istiqrazlarından kim qazanır? - FAİZ ÖDƏNİŞİ
16:18
30 Mart 2018