Son günlər sosial şəbəkələrdə “Unibank”ın bağlanması ilə bağlı məlumatlar səslənir. Düzdür, 2015-ci ilin sonlarından başlayaraq bankda ciddi problemlər vardı və hətta müəyyən vaxtlarda bunun geriyədönüşü olmayan bir proses olduğu qənaəti yaranırdı. FED.az xəbər verir ki, lakin 2017-cı ilin sonuna doğru bank öz maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, üstəlik 2 ildə ilk dəfə olaraq ili mənfəətlə başa vurdu.
Xatırladaq ki, 2017-cı ildə Unibank vəziyyətdən çıxmaq üçün qiymətli kağızlar bazarında aktiv iştirak etdi. Bank həm səhm emissiya etdi, həm də dollarla istiqraz buraxdı. Səhmlərin alınmasında aktivlik çox yüksək olmasa da, dollarla olan istiqrazların satışı yüksək nəticə verdi.
Qeyd edək ki, səhm emissiyasının nəticəsi olaraq bank öz açıqlamasında göstərdi ki, Unibankın səhmdarları bankın kapitallaşmasının əsas parametrləri üzrə prinsipial razılaşma əldə ediblər və bankın kapitalında beynəlxalq maliyyə institutlarının iştirak payı əhəmiyyətli dərəcədə artıb. Lakin, nəzarət payı çox az fərqlə də olsa, yerli səhmdarlarda qaldı.
Eyni zamanda ötən ilin dekabrında Unibank nominal dəyəri 10 milyon dollar, tədavül müddəti 6 il və illik gəlirlilik dərəcəsi 6% olan istiqrazlar buraxdı. İstiqrazlar Bakı Fond Birjasında kütləvi təklif qaydasında yalnız bir gün keçirildi. Həmin gün satılmayan istiqrazlar ləğv edildi. Beləliklə, “Unibank” investorlardan 10 milyon dollar həcmində vəsait cəlb etməyi hədəfləmişdi. Nəticədə “Unibank”ın kapitalı 10 milyon dollar və ya 17 milyon manat artdı və bu gözlənilən idi, çünki faizin yüksək olmasına görə investorların həmin istiqrazlara böyük maraq göstərəcəyi gözləntisi özünü doğrultdu.
Bank ekspertlərinin qənaətinə görə, hazırda Unibank requlyativ tələblərə tam cavab verir. Bankın məcmu kapitalı minimum tələbdən 16 milyon manat çoxdur. Üstəgəl, məcmu kapitalın səviyyəsi də yüksəlib. Yuxarıda qeyd etdiyimiz kimi bankın maliyyə dayanıqlığının təmin edilməsində xüsusən də istiqraz buraxılışı mühüm amil kimi qiymətləndirilir. Bank dairələrindən əldə etdiyimiz məluamata görə, səhm buraxılışında adəti üzrə səhmləri elə köhnə səhmdarlar aldığı təqdirdə, Unibankın dollarla istiqraz buraxılışında bank yeni tərəfdaşlar qazanıb. Nominal dəyəri 10 milyon dollar olan istiqrazları alan şəxslər arasında fərdi investorlar aktivlik nümayiş etdirib.
Bankın istiqrazlarının emissiya prospektində qeyd etdiyi maraqlı fikirlər var: “Ölkədə aparılan iqtisadi islahatlar ümumilikdə bankların fəaliyyətinə müsbət təsir edib. Belə ki, son dövrlərdə qeyri-nağd ödənişlərin həcmindəki xüsusi artım və kölgə iqtisadiyyatının kiçilməsi tendensiyaları müşahidə edilir. Ölkədə elektron hökumətin daha da təkmilləşdirilməsi isə bank ilə müştəri arasındakı informasiya assimmetriyasını daraldıb. Bütün bunlar bankın faiz və qeyri-faiz gəlirlərini artırmaqla yanaşı, riskləri daha düzgün ölçməyə şərait yaradır”.
İlhamə Abdullayeva
Unibank bağlanacaqmı: Mövcud durum
16:37
9 Yan 2018