Xəbər verildiyi kimi, ilk dəfə olaraq Türkiyədən Azərbaycana faizsiz pul köçürmələri başlayıb.
FED.az-ın məlumatına görə, pul köçürmələri yeni yaradılmış «Turan» mobil tətbiqi vasitəsilə həyata keçirilir.
Bu layihə yeni yaradılmış «Turan texnologiya» MMC şirkəti tərəfindən reallaşdırılır. «Turan» tətbiqi də bu şirkətin nəzdəndə yaradılıb.
İşlər «United Payment» şirkətinin texniki və təşkilati dəstəyi ilə həyata keçirilir.
«United Payment» MMC-nin icraçı direktoru Edqar Abdullayev FED.az-a bildirib ki, hazırda şirkət tərəfindən sistemin işi ilə bağlı son testlər keçirilir. Azərbaycan tərəfdən sistemin tərəfdaş bankı «Paşa Bank»dır.
«Turan» tətbiqinin abunəçilərinin Azərbaycana tamamilə faizsiz və anında (bir neçə saniyə ərzində) pul köçürmə xidmətini təqdim etmişik. Türkiyədə «Turan» mobil tətbiqini yükləməklə Azərbaycanda emissiya edimiş bütün bank kartlarına pul köçürmək mümkündür»-deyə E.Abdulayev FED.az-a bildirib.
Pul köçürmələri, qeyd edildiyi kimi, tamamilə faizsizdir. Bununla yanaşı, Türkiyə qanunvericiliyinə uyğun olaraq köçürmələrin həcmində limitlər nəzərdə tutulub.
Bu barədə FED.az-a «Turan» layihəsinin Türkiyədəki rəhbəri Özgür Bayraktar bildirib.
Belə ki, ilk dəfə faizsiz olaraq 10 min TL və ya ekvivalentində köçürmə etmək olar. Hesab təsdiq ediləndən sonra isə aylıq 25 min türk lirəsi və ya ekvivalentinə qədər ödəniş etmək imkanı yaranır.