Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) idarə heyətinin toplantısı keçiriləcək. FED.az xəbər verir ki, iclasda yeni faiz qərarının açıqlanması və uçot dərəcəsinin açıqlanması gözlənilir.
Ekspertlər bildirir ki, TMB faizləri növbəti dəfə artırmalı olacaq. Buna səbəb ölkədə inflyasiyanın yüksək olması -15%-ə çatmasıdır.
Qiymət artımını cilovlamaq üçün artıq TMB-nin müdaxiləsi tələb olunur. Faiz artımı gözləntilərini gücləndirən digər səbəb isə Türkiyə Mərkəzi Bankının çoxdan gözlədiyi müstəqilliyi almasıdır.
Hər halda Maliyyə naziri Berat Albayrakğın bir qədər əvvəl «Mərkəzi Bank müstəqil olacaq» açıqlaması iqtisadçıları belə düşünməyə vadar edir.
Xatırladaq ki, hazırda Türkiyədə illik uçot dərəcəsi 17,75% təşkil edir. TMB-nin iyunun 7-də keçirdiyi iclasda uçot dərəcəsi 16,5%-dən 17,75%-ə qaldırılıb.
Faiz artımı və lirə kütləsinin məhdudlaşdırılması Türkiyədə dolları da ucuzlaşdıra bilər. Hazırda dolların məzənnəsi 4,75 lirədir. Amma maliyyə bazarı TMB-nin qərarını gözləyir və bu qərardan asılı olaraq dolların məzənnəsi artıb azala bilər.