1872-ci ildə ABŞ-ın Nyu-York ştatında ilk dəfə təili pul köçürmələri sistemi yaradılmışdı. Bu sistem bütün dünyada məşhur olan və hamıya məlum Western Union pul köçürmələri kimi tanınmağa başladı.
İlk dəfə yaradıldıqda təcili pul köçürmələri prosesi bir neçə saat vaxt aparırdı. Lakin sonradan pul köçürmələri prosesinə ayrılan vaxt get-gedə azalmağa və prosesin özü isə təkmilləşməyə başladı. Beləliklə, siz indi planlaşdırdığınız məbləği cəmi 5 dəqiqə ərzində dünyanın istənilən nöqtəsinə köçürə bilərsiniz.
Qeyd edək ki, Western Union pul köçürmə sistemindən sonra digər belə sistemlər də yarandı. Onların əsas yaranma səbəbi isə sözügedən prosesin rahatlığı, tez başa gəlməsi və insanlar arasında məşhurluq qazanması idi. Bu sistemlər hal-hazırda da fəaliyyət göstərir və hər birinin öz özəlliyi - fərqli komissiyaları, limitləri və geolokasiya imkanları - vardır.
Azərbaycanda da həmçinin çoxlu sayda təcili pul köçürmə sistemləri fəaliyyət göstərir. Bu da onların insanlar arasında populyar olduğunu bir daha təsdiqləyir.
Bugünki məqaləmizdə təcili pul köçürmə sistemləri arasında Azərbaycanda ən məşhur olanları və daha çox istifadə edilənləri barədə daha ətraflı danışacağıq. Bu sözügedən məşhur sistemlər Western Union, Zolotaya Korona və Contact adlı pul köçürmələri sistemidir.
Habelə, vurğulamalıyıq ki, yuxarıda adıçəkilən həmin 3 təcili pulköçürmə sistemindən başqa Azərbaycanda bankların çoxusunun əməkdaşlıq etdiyi digər belə sistemlər də vardır. Onlar Private Money, Monex, Blizko, Lider, Forsaj, Caspian Money Transfer, Xəzri, UPT, İBA- EXPRESS, Vektor, Şimşək, MasterCard Money Send, Access Transfer, Manat Express, SWİFT, AZİPS və XÖHKS kimi təcili pulköçürmə sistemləridir.
Aşağıda ən çox yayılan və istifadə edilən təcili pul köçürmələri sistemi ilə sizləri daha yaxından tanış etmək istərdik. Ümidvarıq ki, bu məlumat sizin üçün faydalı olacaqdır.
Diqqətinizə çatdırmaq istərdik ki, məqalədə öz əksini tapmış sözügedən pul köçürmələri barədə məlumat fiziki şəxslərə şamil edilir.
1. Western Union
Bu sistemin üstünlükləri aşağıdakılardır:
1) Azərbaycanın bütün bankları bu sistemlə əməkdaşlıq edir;
2) Sistemin saytında onlayn-köçürmə etmək mümkündür;
3) Sistem ən geniş agent şəbəkəsinə malikdir və çox böyük coğrafi əhatə dairəsi vardır.
Bu sistem vasitəsilə pul köçürmə üsulları barədə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Cədvəl 1. MDB ölkələrinə pul köçürmələri
Pul köçürmə sisteminin adı | Köçürmə məbləği ($) | Komissiya haqqı |
Western Union |
0.01 – 200.00 | 3$ |
200.01 – 2 000.00 | 2% | |
2 000.01 – 3 000.00 | 1.5% | |
3 000.01 və yuxarı | 1.2% |
Cədvəl 2. Digər ölkələrə pul köçürmələri
Pul köçürmə sisteminin adı | Köçürmə məbləği ($) | Komissiya haqqı |
Western Union | 0.01 – 200.00 | 13-22$ |
200.01 – 2 000.00 | 29-91$ | |
2 000.01 – 3 000.00 | 111-121$ |
Daha ətraflı məlumat üçün banklarla əlaqə saxlaya və ya www.westernunion.com rəsmi saytında baxa bilərsiniz.
2. Zolotaya Korona
Sözügedən pul köçürmə sistemi də öz sahəsində digərlərindən heç geri qalmır və xüsusilə də MDB ölkələri daxilində vəsaitlərin köçürülməsi üzrə seçilir. Habelə, Azərbaycanda fəaliyyətdə olan bu sistemin istifadəsinin çatışmayan cəhətlərindən biri onun MDB-dən başqa digər xarici ölkələrə pul köçürmə imkanının olmamasıdır.
Sözügedən sistemin üstünlükləri isə rahat və elastik şərtlərinin, şirkət tərəfindən keçirilən aksiyalarının olmasıdır. Onun keçirdiyi aksiyalara görə:
1) pul köçürmələri MDB ölkələrinə milli valyutada edilərkən heç bir komissiya haqqı tutulmur;
2) Uzaq xarici ölkələrə pul göndərərkən komissiya haqqı ya heç tutulmur, ya da çox az miqdarda tutulur.
Bu sistem həmçinin öz müştərilərinə onlayn rejimdə pul köçürmə əməliyyatlarını həyata keçirmək imkanı verir. Lakin bunun üçün siz mütləq Rusiya banklarından birinin kartına malik olmalısınız.
Aşağıdakı cədvəldən bir qədər ətraflı məlumat tapa bilərsiniz. Şərtlər barədə təfərrüatlarla yaxından tanış olmaq üçün istənilən bank əməkdaşı ilə əlaqə saxlaya və ya www.koronapay.com saytındakı bölmələrdən istifadə edə bilərsiniz.
Cədvəl 1. MDB ölkələrinə pul köçürmələri
Pul köçürmə sisteminin adı | Köçürmə məbləği ($) | Komissiya haqqı |
Zolotaya Korona | 0 – 20 000$ | 1 – 1.5% |
3. Contact
Contact - təcili pul köçürmə sistemlərindən biridir. Bu sistemin üstünlüyü isə məbləğin köçürülməsi zamanı tutulan çox aşağı komissiya haqqıdır.
Habelə, bu sistemin mənfi cəhətlərindən biri odur ki, digərlərindən fərqli olaraq bu sistem vasitəsilə onlayn köçürmə etmək mümkün deyildir.
Şərtlərlə daha ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz, eləcə də www.contact-sys.com rəsmi saytına girərək bu sistemlə bağlı suallarınıza aydınlıq gətirə bilərsiniz.
Cədvəl 1. MDB ölkələrinə pul köçürmələri
Pul köçürmə sisteminin adı | Köçürmə məbləği ($) | Komissiya haqqı |
Contact | 0 – 6 500$ | 1% – 3%* |
6 500$ - 20 000$ | 65$ |
* 1% - Rusiyaya, 1%-3% isə digər MDB ölkələrinə
Cədvəl 2. Digər ölkələrə pul köçürmələri
Pul köçürmə sisteminin adı | Köçürmə məbləği ($) | Komissiya haqqı |
Contact | 0 – 10 000$ | 3%-dən |
Diqqətinizə çatdıraq ki, pul köçürmələrini nəinki dollar valyutasında, eyni zamanda avro, rubl valyutalarında da həyata keçirə bilərsiniz. Pulu alan şəxsdən də öz növbəsində heç bir komissiya tutulmur.
Bu prosesin cəlbediciliyi onun yorucu olmaması, rəsmiləşdirmənin çox sadə, tez, rahat və asan başa gəlməsidir. Əgər siz də pul köçürmə sisteminin əlverişliliyindən istifadə etmək istəyirsinizsə, bunun üçün sadəcə şəxsiyyət vəsiqənizin və ya ona bərabər tutulan sənədinizin olması, vəsaiti alan şəxsin S.A.A və pulu alacaq şəhəri qeyd etməniz kifayətdir. Bu zaman sizə 9 rəqəmli kod verilir.
Bundan sonra siz də öz növbəsində aldığınız kod, veriləcək məbləğ və pulu alacaq şəhər haqqında alanı məlumatlandırırsınız. Pulu alacaq həmin şəxs də bu məlumatlarla və öz şəxsiyyətini təsdiq edən sənədlə birgə bankın istənilən filialına yaxınlaşıb həmin pulu çıxara bilər.
Fed.az redaksiyası sizə faydalı məqalələr yazmağa çalışır və ümid edir ki, tərəfimizdən təqdim edilən məlumat sizin üçün faydalı və qənaətbəxş olacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.