Azərbaycan hökuməti neftin qiymətinin kəskin azalması və ölkənin neft gəlirlərini azalması, eləcə də bu vəziyyətin dolların məzənnəsinə təsirini azaltmaq üçün atacağı addımları açıqlayıb.
FED.az xəbər verir ki, bu tədbirlər martın 11-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə açıqlanıb.
Müşavirədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
Xatırladaq ki, bu gün Elman Rüstəmov ölkə iqtisadiyyatının neftin 30-35 dollarlıq qiymətinə hazır olduğnu və bunun üçün «B planı»na (neftin daha aşağı qiyməti variantında nəzərdə tutulan ehtiyat tədbirlər) uyğun hərəkət etdiyini bildirib.
Nazirlər Kabinetində keçirilən müşavirədə «B planı»nın detalları açıqlanıb.
Ümumi sabitləşdirmə və nəzarət tədbirləri
İlk növbədə, Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirsin;
Artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir;
Mərkəzi Bank Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirsin və atılacaq addımları sürətləndirsin;
Vergi xidməti orqanları səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görsün;
Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.
Banklarda dollar ajiotajının aradan qaldırılması və əhalini sakitləşdirmək üçün
Banklarda növbələrin qarşısını almaq üçün qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın.
Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər.
Əhali bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər.
Digər tərəfdən, Hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib:
iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunacaq.
Eyni zamanda, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində Nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə çevik tədbirlər həyata keçirir.
Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.
Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək.
Maliyyə naziri Samir Şərifov bildirib:
Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir.
Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir.
Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var.