Əmanətlərin Sığortalanması Fondu Konstitusiya Məhkəməsinin qərarı barədə açıqlama yayıb.
FED.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən ləğv prosesində olan “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilmiş, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınmışdır.
Məlumat üçün bildiririk ki, sözügedən əmanətlərin qaytarılmasına 14 avqust 2020-ci il tarixdən başlanılacaqdır.