“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi“Muğanbank” ASC-nin uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini “В-/В” səviyyəsində təsdiq edib.
«Muğanbank»ın səhmdarları dəyişdi – PAYLAR, ADLAR, SİYAHI
FED.az xəbər verir ki, bu barədə “S&P”nin məlumatında bildirilir.
Reytinqlərin dəyişməsi proqnozu “Sabit” olaraq qiymətləndirilib.
Analitiklər mülkiyyətçinin dəyişməsinin və biznesin yeni inkişaf strategiyasının bankın müştəri bazasının möhkəmlənməsinə kömək edəcəyini gözləyirlər.
Agentlikdən qeyd ediblər ki, uzun illər “Muğanbank”ın kapitalında nəzarət payına malik olan Elmir Mehdiyev 2023-cü ilin iyun ayında öz səhmlərini hazırda bankın səhmlərinin 73%-nin birgə sahibi olan ailə üzvləri Munir və Samir Vəliyevlərə ötürüb. Digər minoritar səhmdarlar Elmir Mehdiyevin anası Fəridə Mehdiyeva və həyat yoldaşı Vəfa Vəliyevadır. Nəticədə Elmir Mehdiyevin payı 1%-dən aşağı göstəriciyə qədər azalıb.
“Yeni səhmdarlar biznes əlaqələri və digər biznes gəlirləri sayəsində bankın gələcək inkişafına dəstək verə bilərlər”, - deyə “S&P”də hesab edirlər.
Analitiklər 2024-cü ildə bankın kapitallaşmasının azalacağını gözləyirlər, belə ki, yeni kapital inyeksiyaları biznesin inkişafının maliyyələşdirilməsində istifadə olunacaq.
“2023-cü ilin birinci yarısında səhmdarlar tərəfindən kapitala 55 milyon manat məbləğində vəsait əlavə edildikdən sonra biz risk (risk-adjusted capital, RAC) nəzərə alınmaqla düzəliş edilmiş kapital əmsalının 2022-ci ilin sonuna olan 2,4%-dən 2023-cü ilin sonuna təxminən 5,4-5,8%-ə qədər yaxşılaşacağını gözləyirik. Eyni zamanda, yeni kapital yaxın iki ildə kredit portfelinin artımı üçün istifadə ediləcək. Nəticədə biz RAC əmsalının 2024-2025-ci illərdə 5%-dən aşağı düşəcəyini gözləyirik”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, yeni səhmdarlar bankın mənfəətliliyini artırmağı planlaşdırırlar. “Son iki ildə “Muğanbank” mənfəətlilik göstəricilərinin əhəmiyyətli yaxşılaşmasına nail ola bilməyib. Bank hesabatlarda 2020-2022-ci illərdə zərərsizliyi və 2023-cü ilin ilk dörd ayı üzrə zərəri əks etdirib. Yeni səhmdarlar maliyyələşdirmə dəyərinin azaldılması, daha yüksək marjalı kreditlərin payının artırılması və əməliyyat xərclərinin optimallaşdırılması yolu ilə mənfəətliliyi artırmağa çalışırlar”, - deyə agentlikdə hesab edirlər.
“S&P”nin proqnozlarına görə, “Muğanbank”ın aktivlərinin keyfiyyəti Azərbaycanın müqayisə olunan maliyyə təşkilatlarının aktivlərinin keyfiyyətindən daha aşağı olaraq qalacaq, bununla belə, agentlik problemli kreditlərin həcminin azalması üzrə müsbət tendensiyanın davam edəcəyini gözləyir.
“Muganbank”ın Mərhələ-3-ə uyğun xarakteristikalı kreditlərinin payı 2021-ci ilin sonunda məcmu kreditlərin 15,8%-dən 2022-ci ilin sonuna olan 17,8%-ə yüksəlib (bank sistemi üzrə orta göstərici 6-8%).
Mərhələ-2-yə uyğun xarakteristikalı kreditlərin payı 2022-ci ilin sonunda 13,3% təşkil edib. “Muganbank”da əvvəlki illərdə xüsusilə pensiyaçılara və sahibkarlara verilmiş problemli kreditlərin payı yüksəkdir və 2018-ci ilin sonunda 37%-lik maksimuma çatıb. “Bu problemli kreditlər 2016-cı ildə neft qiymətlərinin kəskin azalması və milli valyutanın devalvasiyası nəticəsində iqtisadi tənəzzüldən sonra tənzimlənməmiş olaraq qalıb”, - deyə reytinq agentliyindən bildiriblər.
“Yeni səhmdarlar yaxın 24 ay ərzində Mərhələ-3 kreditlərinin payını 10%-dən aşağı səviyyəyə endirmək üçün problemli kreditləri aktiv şəkildə bərpa etməyi və silməyi planlaşdırırlar”, - deyə analitiklər hesab edirlər.
“S&P” qarşıdakı 12 ayda sabit fondlaşdırma profili və adekvat likvidlik proqnozlaşdırır.
“Bank bahalı müddətli pərakəndə depozitləri hüquqi və fiziki şəxslərin daha ucuz cari hesabları ilə əvəzləməklə fondlaşdırma dəyərini azaltmağı planlaşdırır. 2021-2022-ci illərdə “Muğanbank” bazar üzrə orta dərəcədən yüksək dərəcələr təklif edərək depozit portfelinin həcmini 79% artıra bilib. Güman edirik ki, yeni səhmdarlar daha aşağı dərəcələrlə yeni əmanətçilər, eləcə də beynəlxalq maliyyə institutlarından müəyyən həcmdə yeni maliyyələ resursları cəlb edə biləcəklər. Hesab edirik ki, bankın “kreditlər/depozitlər” nisbətinin əhəmiyyətli dərəcədə pisləşməsi ehtimalı azdır. 16 iyun 2023-cü il tarixinə bankın requlyativ likvidlik əmsalı 58,7% təşkil edib ki, bu da 30%-lik minimal göstəricidən xeyli yüksəkdir”, - deyə məlumatda bildirilir.
“Muğanbank”ın reytinqi üzrə “Sabit” proqnoz bankın yaxın 12 ay ərzində sabit maliyyə və adekvat likvidlik göstəricilərini dəstəkləyəcəyi, biznesin həcmini tədricən artıracağı, əvvəlki dövrlərdə bankın balansında formalaşmış problemli kreditlərin payını azaldacağı və mənfəətliliyi artıracağı ilə bağlı “S&P”nin gözləntilərini əks etdirir.
“Bu, bizim baza ssenarimizdə nəzərdə tutulmasa da, likvidlik göstəricilərinin hər hansı zəifləməsi yaxın 12 ay ərzində mənfi reytinq hərəkəti üçün əsas ola bilər. Bundan başqa, aktivlərin keyfiyyətinin pisləşməsi və nəticədə bankın ödəmə qabiliyyəti göstəricilərinə əhəmiyyətli təzyiq reytinqin aşağı düşməsinə səbəb ola bilər. Bu, məsələn, bankın kreditləşməsinin artım tempinin sektor üzrə orta səviyyədən yüksək olacağı və kredit riskinin sürətlə artmasına səbəb olacağı halda baş verə bilər”, - deyə agentlikdən bildiriblər.
Müsbət reytinq hərəkəti isə bankın sistem üzrə orta göstəricilərə və regionda müqayisə olunan bankların göstəricilərinə uyğun olaraq öz aktivlərinin keyfiyyətində və mənfəətlilik göstəricilərində əhəmiyyətli və davamlı yaxşılaşma nümayiş etdirəcəyi, eləcə də sabit fondlaşdırma və likvidlik profilini qoruyub saxlayacağı halda mümkündür.
“Korporativ idarəetmə amilləri “Muğanbank” üzrə apardığımız kredit təhlilinə mənfi təsir göstərir. Bu, bizim Azərbaycanın bank sisteminin şəffaflıq və korporativ idarəetmə standartlarını zəif olaraq qiymətləndirməyimizlə bağlıdır. Hesab edirik ki, Azərbaycanda korporativ idarəetmədə ciddi nöqsanlar var və “Muğanbank”ın idarəetmə riskləri bank sektorundakı risklərə uyğundur”, - deyə “S&P”nin məlumatında vurğulanır.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. (İnterfaks-Azərbaycan)