Azərbaycanda Türkiyə kapitalı ilə fəaliyyət göstərən «Ziraat Bank Azərbaycan» 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə şirkətin faiz gəlirləri 39,3 milyon manat, faiz xərcləri 12,7 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 5 milyon manat, faiz xərcləri isə 4 milyon manat artıb. Faiz gəlirləri həm kredit portfelinin hesabına (2 milyon), həm bank və maliyyə təşkilatlarına verilən kreditlərdən (1,3 milyon), həm də banklardakı depozitlər hesabına (1 milyon artıb).
Yeri gəlmişkən, «Ziraat Bank Azərbaycan» 9 ayda qiymətli kağızlar bazarından da 468 min manat qazanıb. Nəticədə bankın xalis faiz gəliri 26,6 milyon manat təşkil edib.
Qeyri-faiz gəlirləri isə 3 milyon manata yaxın artaraq 13,7 milyon manata yüksəlib. Bankın qeyri-faiz gəlirləri arasında haqq və komissiya gəlirlərinin təxminən 1 milyon manat artaraq 5,6 milyon manata, valyuta əməliyyatlarından gəlirlərin isə 800 min manat artaraq 4,3 milyon manata yüksəlməsi diqqəti gəlb edir.
Qeyri-faiz xərcləri isə 1,5 milyon manat artaraq 16,9 milyon manata yüksəlib, bu artım əmək haqlarının hesabınadır – «Ziraat Bank»da 9 ayda təqribən 7 milyon manat əmək haqqı ödənilib – 32% artım var.
Nəticədə bankın əməliyyat məfəəti 23,5 milyon manata yüksəlib. Bundan 10,3 milyon manat gözlənilməz risklər üçün ehtiyata ayrılıb, daha 2100 manat isə vergi ödənilib.
Beləliklə «Ziraat Bank Azərbaycan» 9 ayı 11,3 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu ötən illə müqayisədə təqribən 5 milyon manat və ya 80% artıqdır.
İlin əvvəlindən bəri «Ziraat Bank Azərbaycan» kəskin böyüyüb, bankın aktivləri 168 milyon manat və ya 26% artaraq 805 milyon manata yüksəlib.
Bu dövrdə bankın başqa banklardakı pulları 90 milyon manat artaraq 47 milyondan 137 milyon manata yüksəlib. Qiymətli kağızlara yatırımlar 20 milyon manat artaraq 66 milyonu keçib, kredit portfeli isə 54 milyon manatlıq artımdan sonra 444 milyon manata çatıb.
2024-cü ilin ilk 9 ayında «Ziraat Bank Azərbaycanda» ən maraqlı yenilik öhdəlikləri, daha dəqiqi depozit portfeli ilə bağlı olub. Bankın öhdəlikləri aktivlərinə adekvat olaraq artıb və 520 milyondan 675 milyona qalxıb. Bu dövrdə bankın depozitləri 141 milyon manat artıb.
Fiziki şəxslərin əmanətləri cəmi 26 milyon manat artaraq 197 milyona çatdığı halda, şirkətlərin bankdakı vəsaitləri 114 milyon manat artaraq 354 milyon manata sıçrayıb.
«Ziraat Bank»ın menecmenti kapitalı da yaddan çıxarmayıb, ilin əvvəlindən bəri bu göstərici təxminən 12 milyon manat artaraq 129,5 milyon manata yüksəlib.