Azərbaycanın yeganə regional bankı – «Naxçıvanbank» ASC 2022-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri 14 milyon 895 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 5,1 milyon manati və ya 52% artıb.
Bu dövrdə bankın təkcə qiymətli kağızlardan gəlirləri 5 dəfə artaraq ötənilki 400 min manatdan 2 milyon manata yüksəlib.
3-cü rübün sonuna bankın faiz xərcləri isə cəmi 776 min manat olub. Məbləğin belə kiçik olmasının səbəbi odur ki, «Naxçıvanbank» əmanət qəbuluna o qədər də maraqlı deyil və 3 rüb ərzində bankdakı əmanət sahiblərinə cəmi 46 min manat ödəniş edilib. Yeri gəlmişkən, ötən ilin eyni dövründə əmaət sahiblərinə ümumiyyətlə faiz ödənilməmişdi. 690 min manat faiz xərci isə başqa qurumlardan alınan kreditlərə görə ödənilən pullardır.
2022-ci ilin 3-cü rübünə bankın qeyri-faiz gəlirləri 4 milyon 426 min manat olub. Ötən illə müqayisədə 1 milyon manat və ya 32% artıq. Artım komissiya haqlarının (23% artımla 3,1 milyon manat olub) və valyuta əməliyyatlarından gələn gəlirlərin (56% artaraq 1,26 milyon manat olub) hesabına baş verib.
Qeyri-faiz xərcləri isə 5 milyon 631 min manat təşkil edib. Ötən illə müqayisədə qeyri-faiz xərcləri 1,67 milyon manat və ya 42% artıb. Yeri gəlmişkən, bu il «Naxçıvanbank»da əmək haqqı xərcləri 60% artaraq 2 milyon manatı keçib.
Nəticədə bank 3-cü rübü 12 milyon 914 min manat əməliyat mənfəəti ilə başa vurub, ötən il bu göstərici 8 milyon 586 min manat idi.
Bundan 472 min manat mümkün zərərlər üçün ehtiyata ayrılıb, mənfəət vergisi ödənilməyib və bank – 3-cü rübü 12 milyon 441 min manat xalis mənfəətlə tamamlayıb.
3-cü rübün sonuna bankın cəmi aktivləri 343,2 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bu göstərici 555 min manat azalıb. Bankın kredit portfeli 172 milyon manata yaxınlaşıb.
Bankın öhdəlikləri isə 234 724 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 11,1 milyon manat və ya 4,5% azdır.
Öhdəliklərin azalması hüquqi şəxslərin bankdan depozitlərinin bir hissəsini çıxarması ilə bağlıdır. 3-cü rübün sonuna bankda hüquqi şəxslərin depozitləri 130 milyon 948 min manat olub. İlin əvvəlində isə bu göstərici 157 milyon 318 min manat idi. Hüquqi şəxslər bankdan 26 milyon manat və ya depozitlərin 16,8%-ni çıxarıblar.
Ümumilikdə bankın depozit portfeli ilin əvvəlindəki 180 milyon manatdan 161 milyon manata qədər «əriyib».
Əvəzində «Naxçıvanbank»ın cəmi kapitalı 10 milyon manatdan çox artaraq 98 milyon manatdan 108,5 milyon manata yüksəlib.