“Bank Avrasiya” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.AZ xəbər verir ki, hesabatda bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 2,6 milyon manat (2,2%) azalaraq 113,8 milyon manatadək azaldığı qeyd olunub.
Öhdəliklərlə yanaşı, bankın depozit portfeli 2,4 milyon manat (3,8%) azalaraq 60,6 milyon manata düşüb. Hüquqi şəxslərin depozitləri 5,3 milyon manata bərabər olub ki, bu da ötən ilin sonuna nəzərən 1,3 milyon manat (19,3%) azalmadır. Qeyd edək ki, bankın əvvəlki dövrə olan hesabatında da hüquqi şəxslərin depozitlərində azalma olmuşdu.
Fiziki şəxslərin depozitləri isə 55,3 milyon manat təşkil etməklə cüzi (1,1 milyon manat) azalıb.
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 51,9 milyon manata bərabər olmaqla 564,2 min manat (1,1%) azalıb. Cəmi kapital 90,3 milyon manata yüksəlib. Bu isə son bir ildə 5,6 milyon manat (6,6%) artımdır.
Səhmdar kapitalı 50 milyon manat səviyyəsində dəyişməz qalıb.