Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya» 2023-cü ildə ilk hesabatını açıqlayıb.
Azərbaycanda 20 bankın vəziyyəti - MƏLUM OLDU – YENİLƏNİR – MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, 1-ci rübdə bankın aktivləri və depozit portfeli azalıb, bank kiçilib, amma mənfəəti qoruyub saxlamağı bacarıb.
Hesabat dövründə bankın gəlirləri 4 milyon 433 min manat, xərcləri isə 2 milyon 581 min manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə, bankın gəlirləri 24%, xərcləri isə 39% artıb.
Nəticədə bank rübü 1 555 min manat xalis mənfəətlə tamamlayıb, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2 dəfə artıqdır.
Hesabat dövründə «Bank Avrasiya»nın aktivləri 4,3 milyon manat azalaraq 224,3 milyon manatdan 220 milyon manata enib.
Aktivlərin strukturunda bu azalma özünü yalnız nağd vəsaitlərdə göstərib – 56 milyonr manatdan 55 milyon manata düşüb.
Qalan göstəricilər demək olar ki, sabit qalıb, hətta artıb.
Məsələn «Bank Avrasiya»nın ölkədə ən kiçik olan kredit portfeli 4 milyon manat artaraq 129 milyon manatı keçib.
Bankın öhdəlikləri isə 150 milyon manatdan 144 milyon manata geriləyib.
Azalmanın səbəbi depozit portfelində – daha dəqiqi hüquqi şəxslərin bankdakı depozitlərindədir. Rüb ərzində hansısa səbəbdən bankın şirkət müştəriləri buradakı 12 milyon manatlıq depozitin 6 milyon manatın geri çəkiblər.
Fiziki şəxslərin əmanətlərində azalma olmayıb, əksinə 1 milyon manat artaraq 67 milyondan 68 milyon manata yüksəlib.
Öhəliklərin tərkibinə baxanda məlum olur ki, «Bank Avrasiya»nın özünün 3-də biri qədər kredit borcu var. 69 milyon manatlıq kredit öhdəliyi rüb ərzində dəyişməyib.
Əvəzində «Bank Avrasiya»nın kapitalı ilə bağlı vəziyyəti pis deyil, rüb ərzində bankın kapitalı 1,6 milyon manat artaraq 75,4 milyon manata çatıb.
«Bank Avrasiya»nın bu göstəricisi məsələn «Bank BTB»dən xeyli yaxşıdır – sonuncunin kapital göstəricisi AMB-nin minimum tələbi olan 50 milyon manat ətrafında dövr edir.