Sahibkarlığın İnkişafı Fondu(SİF) 2019-cu ilin əvvəlindən 38,7 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Ümumilikdə, 378 sahibkara dəyəri 158 mln. manat olan investisiya layihələrinin reallaşdırılmasına 38,7 mln. manat güzəştli kredit ayrılıb. Bu layihələrin həyata keçirilməısi 1,4 mindən artıq yeni iş yeri açmağa imkan yaradacaq”, - məlumatda bildirilir.
FED.az xəbər verir ki, bu gün Ağcabədidə fəaliyyət göstərən 29 sahibkara 1,2 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, bağçılıq və əkinçilik layihələrinin reallaşdırlmasına yönəldiləcək.
İndiyədək Aran iqtisadi rayonunda faəliyyət göstərən sahibkarlara 14 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 581 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.