İpoteka və Kredit Zəmanət Fondu Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ipoteka kreditləri ilə bağlı məlumat yayıb.
FED.az xəbər verir ki, döyüşlərdə şəhid olanlar arasında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti alan vətəndaşların adları da var.
Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 mln. manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəlikləri müvafiq sığortaçılar tərəfindən tam olaraq bağlanılıb.