Azərbaycan bankları şəhid ailələrinin problemli kreditlərini silmək qərarına gəliblər. FED.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Banklar Assosiasiyasının iclasında elan edilib.
İclasda bildirilib ki, Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edir.
Fərmanda göstərilən əsas məsələlərlə bərabər 6.3-cü maddəsində banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək tövsiyə edilmişdir. Bu tövsiyələrin icrası məqsədi ilə bank icması da öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən etməkdədir.
Bununla əlaqədar olaraq, 29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir.
Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilmişdir.
Şəhid ailələrinin problemli kreditləri silinəcək – BANKLARDAN QƏRAR
12:45
2 Aprel 2019