ABŞ-ın və Böyük Britaniyanın Rusiya banklarına tətbiq etdiyi sanksiyalar ilə bağlı Azərbaycanda fəaliyyət göstərən "Bank VTB"nın törəməsi - "Bank VTB" (Azərbaycan) xidmət etdiyi hüquqi şəxslərə ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalarından müvəqqəti imtina etməyi tövsiyə edib.
FED.az xəbər verir ki, bu barədə bankdan bildirilib. Bank tezliklə müştərilərinə alternativ həllər təqdim edəcəyini də qeyd edir.
Bununla yanaşı, açıqlamada deyilir ki, qəbul edilmiş məhdudiyyətlər müştəri vəsaitlərinin təhlükəsizliyinə və əlçatanlığına təsir göstərmir:
"Bütün hesablar aktivdir və müştəri vəsaitlərini həm bank filiallarında, həm də məsafəli kanallar vasitəsilə idarə edə bilər. Azərbaycan ərazisində milli valyuta ilə bütün əməliyyatları əvvəlki qaydada tam həcmdə aparmaq mümkündür. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir.
Ölkə üzrə istənilən bankomat və tərəfdaş banklarda nağd pul çıxarmaq mümkündür".
Qeyd olunur ki, "Bank VTB" Azərbaycandakı törəməsinin ödəniş kartlarının xaricdə fəaliyyəti davam edir və istənilən zaman vəsaiti nağdlaşdırmaq mümkündür.
Qeyd edək ki, Rusiyanın ikinci ən böyük bankı olan "Bank VTB" ABŞ və Böyük Britaniya tərəfindən sanksiya qoyularaq dollar və funt sterlinqdəki bütün əməliyyatların və aktivlərin bloklanmasına məruz qalıb. (Report)