“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov ötən ilin yekunları barədə açıqlama verib:
-Şakir müəllim, məlumdur ki, “Bank Respublika” 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Yola saldığımız ili şəxsən siz necə qiymətləndirirsiniz?
- Ötən ilin nəticələrinə görə, bankın zərərlə üzləşməsinə baxmayaraq, hesab edirəm ki, 2017-ci il bankımız üçün yetərincə uğurlu oldu. Biz ciddi struktur dəyişiklikləri və biznesin istiqamətləri üzrə dəyişikliklərin aparılmasına nail ola bildik. Düşünürəm ki, ən əsası isə problemli kreditlərin həcmini minimum dərəcəyə endirməklə kredit portfelinin sağlamlaşdırılması istiqamətində aparılan işləri faktiki olaraq tamamladıq. Vaxtı keçmiş borcların azalması ilə yanaşı, kredit portfelində qalan problemli hissəni il ərzində 15 mln. manatlıq ehtiyat yaratmaqla qarşılaya bildik.
Bu prosesin bankın kapitalına neqativ təsirini tənzimləmək məqsədilə səhmdarlar növbəti dəfə banka dəstəyini verib, kapitalın artımı barədə qərar qəbul etdilər. Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin bitməsini isə cari ilin 10 fevral tarixində nəzərdə tuturuq. Bu emissiyadan sonra bankın nizamnamə kapitalı 67,5 milyon manata çatdırılacaq. Bundan başqa, 2018-ci il ərzində kapitalın daha 20 milyon manat məbləğində artırılması ilə bağlı səhmdarlar arasında razılıq əldə olunub.
Bankın maliyyə göstəricilərinə gəldikdə, onları diskret deyil, orta perspektivdə qiymətləndirmək gərəkdir. Əminəm ki, keçən il qoyduğumuz bünövrə bu və növbəti illərin maliyyə göstəricilərinə müsbət təsir edəcək.
- 2017-ci ilin uğurlu il olduğunu qeyd etdiniz. Ötən ilin hansı göstəricilərini xüsusi vurğulaya bilərsiniz?
- Qeyd etdiyim kimi kredit portfelinin sağlamlaşdırılması ilə yanaşı, bankın komandası demək olar ki, biznesin bütün sahələrin inkişafı üzrə böyük işlər görüb. Bankın müxtəlif növ məhsullarından istifadə edən müştərilərin sayı artıb, 2017-ci ilin ikinci yarısından isə devalvasiyadan sonra ilk dəfə olaraq, kredit və depozit portfelinin artımı müşahidə olunur. İlin sonunda “Xoşgəldin” kampaniyasını uğurla həyata keçirə bildik. Kampaniya müddətində biz müştərilərə bank hesablarının açılmasını və bütün əməliyyat məhsullarından 1 ay pulsuz istifadə təklif etdik ki, müştəri özü xidmət səviyyəsinə qiymət versin və öz şəxsi təcrübəsinə arxalanıb hansı bankla işləmək istədiyinə qərar versin. Əlavə edim ki, bu kampaniya ilə gələn müştərilərin böyük əksəriyyəti bizimlə qaldı və “Bank Respublika”nın uzunmüddətli partnyoru oldu.
Xüsusi qeyd etmək istəyirəm ki, risklər və daxili audit departamentində yenidənqurma işləri aparıldıqdan sonra biz risk menecmenti üzrə siyasətimizi dəyişdik. Beləliklə də əməliyyatlara nəzarət və kredit risklərinin idarə edilməsini bazardakı vəziyyətə uyğunlaşdıra bildik. Ən əsası isə devalvasiya və onun fəsadlarından əldə olunan təcrübə nəzərə alınıb və bu təcrübə bankın bazarda baş verə biləcək şoklar qarşısında daha da stressədavamlı olmasını təmin edəcək.
İnformasiya texnologiyalarının inkişafı istiqamətində də böyük işlər aparılıb, xüsusilə elektron xidmət və satış kanalları sahəsində. Biz əminik ki, müxtəlif sahələr üzrə ötən ildən başladığımız layihələr müştərilər tərəfindən layiqincə qiymətləndiriləcək, xidmətin keyfiyyəti və rahatlığını xeyli dərəcə yüksəldəcək. 2017-ci ildə əməkdaşlarımızın inkişafını dəstəkləməklə yanaşı, istedadlı və təcrübəli mütəxəssisləri banka cəlb edərək komandamızı bir qədər də gücləndirə bildik.
Əlavə edim ki, hər bir uğurlu təşkilatın əsas kapitalı olan insan resurslarımıza gələcəkdə də investisiyaların yatırılması siyasətini davam etdirəcəyik.
- 2018-ci il artıq başlayıb. Sizcə, “Bank Respublika” bu ili necə başa vuracaq? Prioritetləriniz nə olacaq?
- Bankımızı dinamik, innovativ, müştəriyönümlü və məsuliyyətli kreditləşmə prinsiplərinə riayət edən görürəm. Öncə qeyd etdiyim kimi, bu ilin sonunda müsbət göstəricilər gözləyirik. Cari ilin, ümumiyyətlə müsbət keçəcəyini gözləyirik, çünki əvvəlki illər ərzində ölkə rəhbərliyinin keçirdiyi islahatlar nəticəsində milli valyutamız sabitləşib, makroiqtisadi göstəricilər yaxşılaşıb, ilin sonunda isə bu göstəricinin bir qədər də artması gözlənilir. Hesab edirəm ki, bank post-krizis dövründən bir sıra yeni hədəfləri olan aktiv inkişaf mərhələsinə keçə bildi.
Qarşıdakı dövrdə bankın inkişafının prioritet istiqamətləri kiçik və orta sahibkarlara kompleks şəklində xidmət göstərmək, korporativ bankçılıq, mikro və istehlak kreditləri, rəqəmsal bankçılıq, plastik kartlar və ən əsası müştəri xidməti keyfiyyətinin yüksəldilməsi olacaq. Bu istiqamətlərin hər biri üzrə artıq plan tərtib olunub, hətta effektivlik indeksləri də (KPİ) müəyyən edilib.
Cari il ərzində yeni CRM sisteminin tətbiq edilməsi planlaşdırılır ki, bu da müştəri xidməti keyfiyyətinə müsbət təsirini göstərəcək. Korporativ müştərilərimiz üçün yeni internet bankinq xidməti demək olar ki, hazırdır, yaxın aylarda onu da təqdim edəcəyik. Rəqəmsal texnologiyalar sahəsində hədəflərimizə nail olmaq üçün inkişaf etmiş bazarların təcrübəsindən istifadə edib investisiya yatırmaqda davam edəcəyik.
Marketinq və biznesin istiqamətləri üzrə komandalarımız hal-hazırda sahibkarlar üçün maraqlı və səmərəli təkliflər üzərində çalışır. Bütün il ərzində müştərilərimiz onlardan istifadə edəcək və əminəm ki, tam razı qalacaqlar.
Bütün bunlara dövlətimiz tərəfindən yaradılan imkanlar, əməkdaşlarımızın gərgin əməyi, yerli və alman təsisçilər və ən vacibi müştərilərlə sıx əməkdaşlıq sayəsində nail olacağıq.
- Bizə vaxt tapıb ayırdığınız üçün sizə təşəkkür edirik. Cari ildə şəxsən sizə və bütün “Bank Respublika” komandasına uğurlar arzulayırıq. Bəlkə sözlərinizə nə isə əlavə etmək istərdiniz?
- Mən də öz növbəmdə minnətdarlığımı bildirirəm ki, oxucularınızı bankın ötən ilki nəticələri və bu il nəzərdə tutduğumuz planları ilə tanış etməyə imkan yaratdınız. Onu əlavə etmək istərdim ki, bu il KİV-lə daha sıx əməkdaşlıq edəcəyik. 2018-ci il yeniliklərlə bol olacağı üçün öz uğurlarımızı sizin geniş oxucu auditoriyanızla bölüşməyə hazırıq. Təşəkkür edirəm.