Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
FED.az Banka istinadən xəbər verir ki, yeni fəaliyyət mərhələsinə qədəm qoymuş bankın idarə edilməsində bəzi dəyişikliklərlə bağlı iclasda bir sıra qərarlar qəbul olunub, Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB-nin İdarə Heyətinin (İH) sədri Xalid Əhədov Müşahidə Şurasının (MŞ) yeni üzvləri təyin olunublar.
Xatırladaq ki, Ş.Mövsümov 1972-ci ildə anadan olub, 1995-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib, 2004-cü ildə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, 1995-ci ildən Azərbaycan Mərkəzi Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2006-cı ilin mayından Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorudur.