Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sabah, fevralın 1-dən ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəyəcək.
FED.az Fonda istinadən xəbər verir ki, əmanətçilər müəyyən edilmiş cədvələ (http://adif.az/?~/aze/news/full/1/1156/) uyğun olaraq, “Dəmirbank”da əmanəti olduğu filialın qarşısında qeyd edilmiş “Kapital Bank” ASC-nin filialına müraciət etməklə, şəxsiyyəti təsdiq edən sənəd, əmanət müqaviləsi (əlavələrlə birlikdə), əmanət kitabçası və yaxud əmanətin sahibliyini təsdiq edən digər sənədlər (hesabdan cıxarışlar) və doldurulmuş ərizə əsasında kompensasiya ala bilərlər.
Ərizə formalarını ADIF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti,40 və Xətai rayonu, Babək prospekti,16 ünvanlarındakı ofislərindən, fondun internet səhifəsindən (www.adif.az), eləcə də “Kapital Bank”ın filiallarından əldə etmək olar.