İslam İnkişaf Bankı (IDB) missiyasının noyabrın 2-də Azərbaycana səfəri başlayacaq.
Missiyaya Bankın meneceri Papacsi Abdulayi rəhbərlik edəcək.
“Milli su təchizatı və kanalizasiya xidmətləri Proqramına dəstək Layihəsi" çərçivəsində baş tutacaq səfər 1 həftə davam edəcək.
Səfər çərçivəsində IDB nümayəndələri “Azərsu” ASC-nin rəhbərliyi, Bankın Azərbaycan üzrə direktoru olan iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcəklər.
Azərbaycanın 6 rayonunda su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinin icrası ilə tanış olacaq missiyanın digər hökumət rəsmiləri ilə görüşəcəyi istisna edilmir.
Qeyd edək ki, “Milli su təchizatı və kanalizasiya xidmətləri Proqramına dəstək Layihəsi" Azərbaycanın 6 rayonunda – Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üçün IDB tərəfindən maliyyələşdirilir. Layihə nəticəsində ümumilikdə 320 min nəfərin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcəyi deyilir.
Report©