Koronavirus səbəbindən işçilərin kütləvi surətdə məsafədən iş rejiminə keçməsi Rusiya şirkətlərinə işçi tapmaq və xərclərə qənaət etmək üçün yeni imkanlar yaradıb.
FED.az xəbər verir ki, bu barədə «Financial Times»ə Rusiyanın «Alfa-Bank»ının idarəçi baş direktoru Vladimir Verxoşinski bildirib.
Onun sözlərinə görə, indiyədək «Alfa-Bank» özünün bütün proqramçılarını, İT-mütəxəssislərini və data mütəxəssislərini ölkənin 5 şəhərindən yığırdı. Bunlar əsasən regionların mərkəzi olan şəhərlər idi. Amma bu il yeni işçilərin 3-də ikisi artıq həmin şəhərlərdən deyil. Üstəlik yeni işçilərin əksəriyyəti bankın HR-ı ilə şəxsi görüş keçirmədən işə qəbul edilib.
Məsələn, bank bir qədər əvvəl Rusiyanın cənubundakı kiçik şəhərlərdən birində 50 nəfər işçisi olan koll-senter açıb. Amma onlardan yalnız 2 nəfəri ümumi ofisdə işləyir.
İşçi seçiminin artması ilə yanaşı, koronavirus banklara işçi xərclərinə qənaət etməyə də imkan verib. Belə ki, Moskva və digər şəhərlər arasında maaşlardakı böyük fərq səbəbindən şirkətlər xeyli vəsaitə qənaət edə biliblər.
Məsələ bundadır ki, regionlarda yaşayan və yaxınlıqda uyğun vakansiya tapa bilməyən mütəxəssislər bankların təklifləri ilə həvəslə razılaşırlar. «Rusiyada ərazilərin inkişafı daha çox böyük məsafələr səbəbinbən ləngiyir. İndi isə biz yeni reallıqlarla üzləşmişik. Əlbəttə ki, biz pula da qənaət edə bilirik»-deyə Vladimir Verxoşinski bildirib.
Qeyd edək ki, hazırda «Alfa-Bank»ın 17 min işçisi evdən işləyir. Bankda hesab edirlər ki, gələn ilin sonuna işçilərin yalnız 3-də biri daima ofisdən işləyəcəklər. Əməkdaşların 25%-i isə ümumiyətlə bir də ofisə qayıtmayacaq.
Verxoşinskinin sözlərinə görə, məsafədən işləmək çox səmərəli olub: «Son 7-8 ay ərzində biz bütün 2019-cu ildə olduğundan daha çox yeni məhsullar hazırlamışıq. İşçilərin məhsuldarlığında da azalma olmayıb».