Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank» 2022-ci ilin 4-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ilin nəticələrinə görə, bankın gəlirləri və mənfəəti kəskin artıb.
Azərbaycan bankları 2022-ni belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Beləliklə, 2022-ci ildə «Rabitəbank»ın faiz gəlirləri 14,4 milyon manat və ya 27% artaraq 54 milyon manatdan 68,4 milyon manata yüksəlib.
Bunun 61 milyon manatı kredit portfelindən daxil olan gəlirlərdir (13 milyon manat və ya 27% artıb).
Ötən il «Rabitəbank» qiymətli kağızlara yatırımlardan 6,2 milyon manat gəlir əldə edib. Əvvəlki illə müqayisədə bu gəlilər 900 min manat və ya 17% artıb. Bankın digər maliyyə qurumlarında yerləşdirdiyi depozitlərdən gəlirlər isə 3 dəfəyə qədər artaraq 270 min manatdan 720 min manat yüksəlib.
2022-ci ildə «Rabitəbank»ın faiz xərcləri də 5,% milyon manat və ya 38% artaraq 19,7 milyon manata yüksəlib. Ötən il bankda depoziti olanlara 11 milyon manat ödənilib – bu göstərici əvvəlki illə müqayisədə 4,4 milyon manat və ya 66% artıb. Cəlb edilmiş kreditlərə görə ödənişlər isə 1,4 milyon manat təşkil edib. Digər faiz xərcləri 7,2 milyon manat olub.
Nəticədə «Rabitəbank» 2022-ci ili 48,7 milyon manat xalis faiz gəliri ilə başa vurub. Bu əvvəlki illə müqayisədə 9 milyon manat artıqdır.
Ötən il bankın qeyri-faiz gəlirləri də kəskin – 19 milyon manat və ya 65% artaraq 48,8 milyon manata yüksəlib.
Haqq və komissiya gəlirləri 15 milyon manat artaraq 35 milyon manatı keçib, xarici valyutalarla əməliyyatlardan gəlirlər isə 6,5 milyon manat təşkil edib – əvvəlki illə müqayisədə 2,7 milyon manat və ya 71% artıb. Bankın digər qeyri-faiz gəlirləri isə 2 milyon manata yaxın artaraq 7 milyon manata yaxınlaşıb.
2022-ci ildə «Rabitəbank»ın qeyri-faiz xərcləri də ciddi şəkildə – 26 milyon manat və ya 52% artaraq 76,9 milyon manata yüksəlib. Bu dövrdə bankda əmək haqqı 38% artaraq 24,4 milyon manata çatıb. Bankın ümumi və inzibati xərcləri isə 82% yüksələrək 36,2 faizə yüksəlib.
Nəticədə 2022-ci ilin sonuna bankın əməliyyat mənfəəti 20 milyon 625 min manat olub. Bu 2021-ci illə müqayisədə təqribən 2 milyon manat və ya 10% artıqdır.
2022-ci ilin yekunlarına görə «Rabitəbank» mümkün zərərlər üçün ayırdığı ehtiyatları 4 dəfədən çox azaldaraq 15 milyon manatdan 3,5 milyon manata endirib. Əvəzində bankın ödədiyi mənfəət vergisi 6 dəfə artaraq 5,9 milyon manata yüksəlib.
Bank ili 11 milyon 181 min xalis mənfəətlə tamamlayıb. Bu 2022-ci illə müqayisədə 4,1 dəfə artıqdır. Xatırladaq ki, «Rabitəbank» 2021-ci ili 2,7 milyon manat mənfəətlə bağlamışdı.
2022-ci ilin yekunlarına görə «Rabitabank»ın aktivləri 955 milyon manat olub. Bunun 611 milyon manatını müştərilərə verilən kreditlər təşkil edib. Əvvəlki illə müqayisədə bankın kredit portfeli 137 milyon manat və ya 29% böyüyüb.
Artım özünü kredit portfelinin bütün maddələrində göstərib – biznes kreditləri 64 milyon manat və ya 25%, istehlak kreditləri 55 milyon manat və ya 37%, daşınmaz əmlak kreditləri isə 17 milyon manat və ya 20% artıb.
Azərbaycan bankları 2022-ni belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Bankdakı nağd pul vəsaitləri 3 dəfə azalaraq 408 milyon manatdan 122 milyon manata enib, əvəzində qiymətli kağızlara yatırılan vəsaitlər 16 milyon manat artaraq 118 milyon manata yaxınlaşıb.
İlin sonuna «Rabitəbank»ın öhdəlikləri 843 milyon manat təşkil edib. Bundan 607 milyon manat depozit portfelidir. Bankda fiziki şəxslərin depozitləri 24% artaraq 317 milyon manat, hüquqi şəxslərin depozitləri isə 290 milyon manat təşkil edib.
2022-ci ilin nəticələrinə görə, «Rabitəbank»ın kapitalı 111 milyon manat olub ki, bu da bir il əvvəllə müqayisədə 12 milyon manat artıqdır.