Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»ın 2023-cü ilin 1-ci rübündə gəlirləri və mənfəəti artıb.
FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 1-ci rübdə bankın faiz gəlirləri 4,9 milyon manat və ya 31% artaraq 20 milyon 366 milyon manat olub.
Faiz gəlirlərinin böyük hissəsini – 17,9 milyon manatı kredit faizləri təşkil edib. Bu göstərici 4,5 milyon manat və ya 33% artıb. Daha 1,6 milyon manat isə qiymətli kağızlara yatırılan investisiyalardan daxil olub.
Bankın faiz xərcləri isə 1,9 milyon manat və ya 42% artaraq 6,4 milyon manata yüksəlib. 1-ci rübdə «Rabitəbank» bankda əmanəti olan müştərilərə 3,4 milyon manat faiz ödəyib, bu 2022-ci illə müqayisədə 50% artıqdır. Bankın digər faiz xərcləri 2,3 milyon manat olub.
Nəticədə «Rabitəbank» 2023-cü ilin 1-ci rübünü 14 milyon manatia yaxın xalis faiz gəliri ilə başa vurub.
Bu 2022-ci ilin eyni dövründən 3 milyon manat artıqdır.
1-ci rübdə bankın qeyri-faiz gəlirləri isə 10,6 milyon manat olub. Bu əvvəlki ilin eyni dövründən yarım milyon manat artıqdır. Bu dövrdə komiyya və hesablara xidmət üzrə gəlirlər 10%-dən çox artaraq 8 milyon manatı keçib. Xarici valyuta əməliyyatlarından isə təqribən 800 min manat gəlir əldə edilib.
2023-cü ilin 1-ci rübündə «Rabitəbank»ın qeyri-faiz xərcləri 4,3 milyon manat və ya 28% artıb.
Bu dövrdə bank əmək haqlarına çəkilən xərcləri 900 min manat artırıb, inzibati xərclər isə 2,6 milyon manat yüksəlib.
Nəticədə bankın xalis mənfəəti 5 milyon 79 min manat olub. Bu demək olar ki, ötən ilki həddədir – 2022-ci ilin 1-ci rübündə bankın xalis mənfəəti 5 milyon 73 min manat olmuşdu.
2023-cü ilin 1-ci rübünün sonuna «Rabitəbank»ın aktivləri 924 milyon manat olub, ilin əvvəli ilə müqayisədə aktivlərdə 30 milyorn manatlıq və ya 3% azalma var.
Bu dövrdə müştəriərə verilən kreditlər 22 milyon manat artaraq 633 milyon manata yaxınlaşıb. Bankın istehlak, biznes və daşınmaz əmlak kreditləri böyüyüb.
Qiymətli kağızlara yatırılan vəsaitlər isə 86,5 milyon manat təşkil edib.
Rübün sonuna «Rabitəbank»ın öhdəlikləri 817 milyon manat, depozit portfeli 550 milyon manat olub.
Bankın cəmi kapitalı isə rübün sonunda 107,1 milyon manat təşkil edib.