Azərbaycanın aparıcı banklarından olan «Rabitabank» 2021-ci ilin 2-ci rübünün nəticələri üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bank xalis mənfəətini 3 dəfəyə yaxın artırmağa nail olub.
Faiz gəlirləri artıb
Hesabata əsasən 2-ci rübün sonuna bankın faiz gəlirləri 25,8 milyon manat olub. Bu ötən ilin eyni dövründəki göstəricidən 12,6% artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi - 22,7 milyon manatı müştərilərə verilən kreditlərdən gələn faizlərdir, ötən illə müqayisədə bu rəqəm 18%-ə yaxın artıqdır.
Qiymətli kağızlardan gəlirlər 3 qat artıb
Bankın faiz gəlirlərinin ən çox artdığı mənbə qiymətli kağızlardan alınan gəlirlərdir.
Ötən il «Rabitabank» qiymətli kağızlardan cəmi 864 mni manat gəlir götürmüşdüsə, bu il həmni göstərici 3,2 dəfə artaraq 2,7 milyon manatı keçib.
Əvəzində bankın başqa banklardakı depozitlərindən gəlirləri 12 dəfə azalaraq 2 milyon manatdan 165 min manata enib.
İlk yarım ildə «Rabitabank»ın faiz xərcləri cüzi – 48 min manat və ya 0,7% artaraq 6 023 min manat olub. Bankdakı depozitlər üzrə faizlərə 2,9 milyon manat ödənilib (35% azalma). Əvəzində bankın digər faiz xərcləri yaranıb – 2,9 milyon manat.
Qeyri-faiz gəlirlərində sıçrayışlı artım
2021-ci ilin ilk yarım ilində «Rabitabank»ın gəlirlərində ən yaxşı nəticələrdən biri qeyri-faiz gəlirlərində qeydə alınıb – 7 milyon manat və ya 2,1 dəfə artaraq 13,1 milyon manata çatıb.
Bu dövrdə bankın haqq və faiz gəlirləri 60%-dən çox artaraq 5 milyon manatdan 8,2 milyon manata yüksəlib.
Üstəlik bank xarici valyutalarla əməliyyatlardan 2 milyon manat gəlir götürüb (70% artım). Nəhayət bankın 2,7 milyon manatlıq digər qeyri-faiz gəlirləri də olub.
Əməkhaqqı və inzibati xərclərdə ciddi artım olub
İlk yarım ildə qeyri-faiz xərcləri 50% artaraq 13,9 milyon manatdan 20,9 milyon manata yüksəlib.
Bankda əmək haqları 8,4 milyon manat (23% artım), inzibati xərclər 6,6 milyon manat (38% artım) təşkil edib.
Əməliyyat mənfəəti 12 milyona çatır
Digər xərcləri də nəzərə aldıqdan sonra ilk yarım ilin yekununda bankın əməliyyat mənfəəti 12 milyon manata çatıb (11 979 min manat). Bu ötənilki göstəricidən 3 milyon manat və ya 33% artıqdır.
Bank bu pulun 7,3 milyon manatını aktivlər üzrə mümkün zərərlərə görə ehtiyata ayırıb (ötən il 7,5 milyon manat idi).
Nəticədə ilk yarım ildə «Rabitabank»ın xalis mənfəəti 4 milyon 685 min manat olub. Bu ötənilki göstəricidən 2,6 dəfə artıqdır (ötən il 1,8 milyon manat idi).
İkinci rübün yekununda bankın aktivləri 737,1 milyon manat təşkil edib. İlin əvvəli ilə müqayisədə aktivlərin həcmi 94 milyon manat və ya 11,3% azalıb. Azalmanın səbəbi nağd vəsaitlərin həcminin aşa düşməsi olub – 257 milyon manatdan 155 milyon manata.
Bu dövrdə bankın ümumi kredit portfeli 4% artaraq 440 milyon manatı, xalis kreditlər isə 412 milyon manatı keçib.
Bankdakı istehlak kreditləri 15,3% artaraq 126,6 milyon manat, biznes kreditləri isə 239 milyon manat təşkil edib.
Bank qiymətli kağızlara yatırımları da kəskin artırıb. İlin əvvəlində 89 milyon manatlıq həcm 115,5 milyon manata yüksəlib.
Bankın öhdəlikləri rübün sonuna 634,8 milyon manat olub, ilin əvvəlində bu göstərici 97 milyon manat artıq idi.
İlin ilk yarısının sonuna «Rabitabank»da fiziki şəxslərin əmanətləri 220 milyon manat, hüquqi şəxslərin depozitləri isə 239 milyon manat olub.
Əvəzində bu dövrdə bankın kapitalı 4 milyon manata yaxın artaraq 102,4 milyon manat olub.