Ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın bu ilin I rübü üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, bank bu rübdə 48,6 milyon manat xalis faiz gəliri əldə edib.
Bu ötən ilin I rübü ilə müqayisədə 3,7 milyon manat və ya 8% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 36,2 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 6,5 milyon manata yaxın və ya 22% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 5,22 milyon manata bərabər olub. Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2,7 milyon manat (2,1 dəfə) artımla 5,1 milyon manata çatıb.
Faiz xərcləri 3,5 milyon manat (30%) artaraq 15,1 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 8,4 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib.
Beləliklə bankın xalis faiz gəlirləri 33,5 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 535 min manat və ya 2% çoxdur.
Hesabat dövründə "Xalq Bank"ın qeyri-faiz gəlirləri 10,4 milyon manat, xərcləri isə 23,2 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 116,5 min manat (1%), xərcləri isə 1,9 milyon manat (9%) artıb.
Qeyri faiz gəlirlərinin 6,1 milyon manatı xidmətlərdən komissiya gəlirlərinin, 3,4 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 895 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə xidmətlərdən komissiya gəlirləri 389 min manat (7%), xarici valyutadan gəlirlər 1,2 milyon manat (54%) artıb.
Əmək haqqı digər kompensasiya növləri üzrə xərclər 2,1 milyon manat (21%) artaraq 33 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 2,8 milyon manata, amortizasiya xərcləri 1,8 milyon manata, digər xərcləri isə 6,2 milyon manata bərabər olub.
Bank il rübü 11 milyon 858 min manat xalis mənfəətlə başa vurub. Bu dövrdə isə 4 milyon 612 min manat mənfəət vergisi ödəyib.
"Xalq Bank" ASC I rübdə 3 milyard 44 milyon manat cəmi aktivlərə, 1 milyard 838 milyon manat cəmi kredit portfelinə malik olub.
Bankın öhdəlikləri 2 milyard 524 milyon manata bərabər olub. depozit portfeli 1 milyard 819 milyon manat təşkil edib.
Balans kapitalı isə ötən ilin sonu ilə müqayisədə 8,1 milyon manat (1,6%) artımla 519,1 milyon manatı ötüb.