"Xalq Bank" ASC 5 milyon manat dəyərində istiqraz buraxacaq.
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək.
Təklifin məqsədi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə kredit portfelinin artırılması və nəticədə emitentin fəaliyyətinin genişləndirilməsi yolu ilə mənfəətin əldə edilməsidir. Bankın kredit portfelinin sektorial diversifikasiyası, müddət uyğunluğu prinsiplərinin qorunması və geri yığım tarixçəsi cəlb edilmiş resursların vaxtında və təm həcmdə ödənilməsinə təminat verə bilir.
Anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazların tədavül müddəti bitməmiş emitentin istiqrazları investorlardan geri almaq öhdəliyi yoxdur, lakin istiqrazların tədavül müddətinin bitməyinə 1 il qalmış, Emitentin istiqrazları nominal dəyər ilə erkən geri alma hüququ qazanır.












