VTB (Azərbaycan) Rusiya Bankının Maliyyə Mesajlarının Köçürmə Sistemi (MMKS) vasitəsilə Rusiya Federasiyasındakı müxbirləri ilə bütün maliyyə əməliyyatlarını həyata keçirməyə davam edəcək.
FED.az xəbər verir ki, VTB (Azərbaycan) müştəriləri əvvəlki qaydada Rusiya ilə rublla pul köçürmələri və qəbulu üzrə əməliyyatlar apara, alınan rublu Azərbaycan manatına çevirə, həmçinin ölkə daxilində manatla əməliyyatlar apara bilərlər.
VTB (Azərbaycan) ərazisində yaradılmış və Azərbaycan Respublikasının qanunlarına tabe olan hüquqi şəxsdir. Bank kifayət qədər likvidliyə və kapitala malikdir və müştərilərə lazımi maliyyə xidmətlərini təqdim edərək, adi qaydada fəaliyyətini davam etdirir.
Məlumat üçün
MMKS, maliyyə məlumatlarının ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün Rusiya banklararası sistemidir, meqatənzimləyicinin məlumat və telekommunikasiya sistemi əsasında fəaliyyət göstərir və maliyyə mesajlarının ötürülməsi üçün zəmanətli və fasiləsiz xidmətlərin göstərilməsini təmin edir.