Azərbaycanın bank sektorunun ən fəal üzvlərindən olan «Unibank» KB 2024-cü ilin III rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 172,1 milyon manata bərabər olub. Bu ötən ilin III rübü ilə müqayisədə 17,2 milyon manat və ya 11% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 163 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 15,5 milyon manata yaxın və ya 10% artıqdır.
Faiz xərcləri isə 4,1 milyon manat və ya 8% artaraq 56,5 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 47 milyon manatını depozitlər üzrə faiz xərcıləri təşkil edib ki, bu da illik müqayisədə 5,6 milyon manat və ya 14% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 110,6 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 13 milyon manat və ya 13% çoxdur.
Hesabat dövründə "Unibank"ın qeyri-faiz gəlirləri 85 milyon manat, xərcləri isə 145,7 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 7,2 milyon manat (9%), xərcləri isə 19,4 milyon manat (15%) artıb.
Qeyri faiz gəlirlərinin 72,9 milyon manatı alınan-haqq və komissiya gəlirlərinin, 11,4 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 1,7 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 7,6 milyon manat 12%), xarici valyutadan gəlirlər isə 2,1 milyon manat (22%) artıb
Əmək haqqı xərcləri 6,7 milyon manat (15%) artaraq 52,3 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclərdə 8,2 milyon manat (31%), amortizasiya xərclərində 1,3 milyon manat (21%), digər xərclərdə isə 3,1 milyon manat (7%) artım baş verib.
Əməliyyat mənfəətində isə 852 min manat başqa sözlə, 2% artım baş verib. Nəticədə bu göstərici 49,9 milyon manatı keçib.
Bank III rübü 2,8 milyon manat mənfəət vergisi ödənişindən sonra 17,6 milyon manat xalis mənfəətlə başa vurub.
BANK SÜRƏTLƏ BÖYÜYÜR
"Unibank" bu ilin III rübün sonunda 1 milyard 716 milyon manat aktivlərə malik olub. Akitvlər ötən ilin sonu ilə müqayisədə 125,4 milyon manat və ya 8% artıb.
Aktivlərin 200,6 milyon manatını nağd pul vəsaitləri, 66,3 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə "Unibank" 1 milyard 143 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 95,1 milyon manat (9%) böyüyüb.
Onun da 638,3 milyon manatını istehlak, 408,7 milyon manatını biznes kreditləri,95,8 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 10,7 milyon manat (2%), biznes kreditləri 79,3 milyon manat (24%), ipoetka kreditləri 5 milyon manat (6%) böyüyüb.
Ümumi kredit portfelinin 44 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 1 milyard 99 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 120,3 milyon manat, başqa sözlə 12% artım deməkdir.
ÖHDƏLİKLƏR 1,5 MİLYARD MANATI KEÇİB - ŞİRKƏTLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Bankın öhdəlikləri 1 milyard 553 milyon manata bərabər olub. Öhdəliklər 9 ay ərzində 111,5 milyon manat və ya 8% artıb.
Depozit portfelinin həcmi 1 milyard 232 milyon manata yaxın olub ki, onun da 938 milyon manatı fiziki, 294 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfelində 15,8 milyon manat, başqa sözlə 1%, şirkətlərin əmanətlərində isə 19,1 milyon manat (7%) artım baş verib.
Balans kapitalı 13,9 milyon manat və ya 9% artaraq 162,8 milyon manata yaxınlaşıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 10,7 milyon manata bərabər olub.