“Rabitəbank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşidə Əlizadə “Biznesdə Qadınların Gücü” layihəsi ilə bağlı Fed.az-ın suallarını cavablandırıb.
Rabita Mobile ilə kredit ödənişləri - 1% KEŞBEK QAZANDIRIR!
- Əvvəlcə layihə barədə ümumi məlumat verərdiniz. Layihəni kim elan edib, nə zaman başlayır?
- “Biznesdə Qadınların Gücü” layihəsinin “Rabitəbank” ASC və KOBİA-nın birgə təşəbbüsü və təşkilatçılığı, AQSİA və ASK-ın tərəfdaşlığı ilə ərsəyə gəlməsi nəzərdə tutulub. Hal-hazırda müraciətlərin toplanılması prosedurundayıq. 9 dekabr 2022-ci il tarixinədək müraciətləri qəbul edib, ayın sonunadək seçimləri tamamlayacağıq. Layihəmizin açılış mərasimi 2023-cü ilin yanvar ayında, yekun tədbir isə mart ayının əvvəli üçün planlaşdırılıb.
- “Biznesdə Qadınların Gücü” layihəsinin məqsədi nədir?
- Məqsədimiz layihəmizdə qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərilməsi, qadın sahibkarların işgüzar fəaliyyətinin artırılması, innovasiya, istehsal, sənaye və turizm sahələrini əhatə edən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar arasında sahibkarlıq mühitinin stimullaşdırılması, ixrac potensialının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaratmaqdır. Eyni zamanda xanımlarımızın güclərinin, nailiyyətlərinin, əzmlərinin media qarşısında, xalq qarşısında, dövlət qurumları, şirkətlər, banklar, təşkilatlar qarşısında tanınmasını, xanımlarımızın bir-birlərinə əlçatanlığının təmin edilməsinə vasitəçi olmaqdır.
Xanımların uğurlarını hər kəsin görməsini, xüsusən də sahibkarlığa başlamaq istəyib, özündə o inamı tapa bilməyən xanımlarımıza dəstək olmaq əsas məqsədimizdir.
- Layihə nədən ibarətdir, onun çərçivəsində hansı tədbirlər nəzərdə tutulur?
- Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər nəzərdə tutulub. Təlim mövzularımız xanımlarımızla sorğu zamanı onlara maraqlı olan, ehtiyac duyduqları mövzuları müəyyən edilərək o yöndə təyin edilib. Təlim və seminarların nəticəsində hər bir sahibkar xanım axtardıqları suallara cavab tapa biləcək. Layihəmizi netvorking və master klass kimi görüşlərlə zənginləşdirib, xanımlarımızın daha geniş auditoriyalarda tanımasına vasitəçi olacağıq.
- “Biznesdə Qadınların Gücü” layihəsində kimlər iştirak edə bilər?
- Layihəmizdə Bakı və Abşeronda fəaliyyət göstərən və innovasiya, istehsal, sənaye, turizm və kənd təsərrüfatı sahələrini əhatə edən kiçik və orta sahibkarlıqla məşğul olan qadın KOB-lar müraciət edə bilərlər.
- Rabitəbank-ın qadın sahibkarlar olan müştəriləri çoxdurmu? Bank müştərisi olaraq qadın sahibkarların fərqli cəhəti varmı?
- Bəli, kifayət qədər var. Hətta, bizim güzəştli “Güc Xanımlarda” Biznes kredit məhsulumuz da məhz onların çoxluğu və xüsusiliyinə istinadən yaradılmışdır.
- Layihə qalibləri necə seçiləcək və onları hansı mükafatlar gözləyir?
- İştirak edəcək hər bir sahibkar xanım seçilmişdir və artıq qalibdir. Çünki layihədən istər maarifləndirici, istərsə də mənəvi mükafatlanmış olacaqdır. Xüsusən də layihə müddətində keçirilmiş tədbirlər əsasında könüllü olan xanımlar özlərinin layihələrini hazırlayıb təqdim edəcəklər. Yekun təqdimat mərasimində seçilmiş ən yaxşı 3 layihə qrantla mükafatlandırılacaq. 1 ci yer: 5.000 AZN, 2ci yer: 3.000 AZN, 3cü: yer 2.000 AZN.
- Layihə qalibləri Rabitəbank-dan güzəştli kredit ala bilərlərmi?
- Əlbəttə ki. Layihə üzrə müraciət etmiş bütün sahibkar xanımlar güzəştli kreditlərimizdən və təkliflərimizdən yararlana biləcəklər.
- Layihədə iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar?
-Layihədə iştirak üçün “Rabitəbank” ASC və KOBİA-nın veb saytına daxil olub, biznes bölümünə keçid edərək xəbərlər bölümündən layihə ilə bağlı daha ətraflı tanış ola, linkə daxil olaraq açılan anket formasından müvafiq xanaları doldurmaqla, qeydiyyatdan keçə bilərlər.
Xanımlara sualları və ya çətinlikləri olduğu təqdirdə isə layihə koordinatorları ilə bir başa əlaqə də salamaq əlçatanlığı da verilmişdir.
Layihə haqqında ətraflı məlumat və müraciət linki: https://bit.ly/3iGusBu