"Almaq istədiyiniz ev qohumunuzun adına deyil ki?"
Bu sualı bir qayda olaraq Azərbaycan banklarında dövlət xətti ilə ipoteka krediti götürmək istəyənlərə verirlər.
Eləcə də bax: Azərbaycanda bank kartları ilə bağlı - NƏ BAŞ VERİR?
Məsələ ondadır ki, Azərbaycanda bəzi şəxslər öz evlərini yaxın qohumlarının, hətta dostlarının adına keçirərək sonradan onlardan ipoteka kreditləşməsi yolu ilə almağa, bununla da qanunsuz yolla pul əldə etməyə çalışırlar. Bank işçiləri bu əməliyyatı öz aralarında "pul çıxarmaq" adlandırırlar.
İnsanların bu yola əl atması isə səbəbsiz deyil. Çünki daşınmaz əmlakı girov qoymaqla götürülən kreditlər 3-5 il müddətinə və illik 12-13%-lə ayrılırsa, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən kreditləri 25 il müddətinə və illik 7-8%-lə əldə etmək mümkündür. Başqa sözlə, biznes və digər məqsədlərlə nağd pula ehtiyacı olanlar bunu dövlətin sosial məqsədlərlə - əhalinin mənzillə təminatının yaxşılaşdırılması üçün ayırdığı vəsait hesabına ödəməyə çalışırlar.
"Bunun qarşısını tam almaq mümkün deyil"
FED.az xəbər verir ki, Azərbaycan banklarından birinin keçmiş əməkdaşı, uzun illər ipoteka kreditləşməsi ilə bağlı şöbəyə rəhbərlik etmiş Rəşad Paşayev deyir ki, bu cür qanunsuz halların qarşısını tamamilə almaq mümkün deyil: "Kredit mütəxəssisi banka ev sahibi kimi təqdim olunan şəxsin kimliyin tam müəyyən edə bilməz. Məsələn, onlar qohumdurlarsa, bunu sənədlərlə bəlkə də üzə çıxarmaq olar. Amma dostluq, yoldaşlıq münasibətlərini müəyyənləşdirmək çətin məsələdir. Uzağı kredit götürmək istəyən şəxsin sosial şəbəkələrdəki hesablarına baxmaq, evsatanın onun dostları arasında olub-olmadığını öyrənmək olar, amma bəzən bu da mümkün olmur. Yəni bu məsələ bank üçün həmişə riskdir və ondan tam qorunmaq mümkün deyil. Bununla belə, kredit mütəxəssisləri ipoteka krediti götürmək istəyən şəxsə izah edirlər ki, kredit təyinatı üzrə istifadə edilməlidir. Əgər təyinatdan kənar istifadə halı aşkarlansa, bankın bu kreditdən imtina etmək hüququ var. Müştəri məhkəməyə verilə, ondan pul geri tələb oluna bilər".
"İctimai nəzarət olmalıdır"
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, ipoteka kreditləşməsindən qanunsuz istifadənin qarşısını almaq üçün ictimai nəzarət olmalıdır: "Şəffaflıq üçün ipoteka kreditinə müraciət edənlərin məlumatları ictimaiyyətə açıq olmalı, onlar İpoteka və Kredit Zəmanət Fondunun saytında yerləşdirilməlidir. Həm "pul çıxarmaq" əməliyyatına görə, həm də kreditlə alınmış mənzildən başqa məqsədlərlə istifadəyə görə Cinayət Məcəlləsində 5 ilə qədər azadlıqdan məhrumetmə var. Amma yenə deyirəm, bu halları müəyyənləşdirmək üçün ictimai nəzarət olmalıdır”. (Report)