"Premium Bank" ASC 2022-ci ilin 1-ci rübünü 1 milyon 393 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2021-ci ilin eyni dövrünü 5 milyon 345 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 3,8 dəfə azalıb. 2021-ci ilin ilk rübündə Bankın xalis mənfəəti mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 6 milyon 6 min manatın hesabına formalaşmışdı.
Eləcə də bax: “Premium Bank”ın rəhbərliyini daha bir şəxs - TƏRK ETDİ
FED.az xəbər verir ki, "Premium Bank"ın faiz gəlirləri 2021-ci ilin ilk rübündə 8 milyon 302 min manat ikən, 2022-ci ilin ilk rübündə 7 milyon 686 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 701 min manatdan 3 milyon 541 min manata yüksəlib.
2022-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 11 milyon 227 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 78 min manat, əməliyyat mənfəəti 2 milyon 149 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 757 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 1 milyon 393 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2021-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 11 milyon 3 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 665 min manat, əməliyyat zərəri 662 min manat təşkil etmişdi. Ehtiyatlardan azad olmuş 6 milyon 6 min manatın hesabına həm əməliyyat zərəri bağlanmış, həm də bankın 5 milyon 345 min manat xalis mənfəəti yaranmışdı.
Faiz xərclərinin azalması hesabına "Premium Bank"ın əməliyyat xərcləri azalıb.
2022-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə "Premium Bank"ın kredit portfeli 21 milyon 785 min manat və ya 4,3% azalaraq 486 milyon 291 min manata geriləyib.
31 Mart 2022-ci il tarixində "Premium Bank" 657 milyon 651 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 760 milyon 339 min maant cəmi aktivlərə malik idi. (Marja)