Azərbaycanın ən böyük özəl bankı olan "PAŞA Bank" 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
FED.az bankln hesabatına istinadən xəbər verir ki, bank yarım ili 50 milyon 640 min manat xalis mənfəətlə başa vurub.
Bankın ümumi gəlirləri 188 milyon 672 min manat təşkil edib ki, bunun 128,8 milyon manatı faiz gəlirləri, 59,8 milyon manat isə qeyri faiz gəlirləridir.
Bankın xərcləri isə 102 milyon 213 min manat təşkil edib. Bunun 26,4 milyon manatı faiz xərcləri, 75,8 milyon manat isə qeyri-faiz xərclərinin payına düşür.
Bankın əməliyat mənfəəti 86,6 milyon manat olub, bundan 24,5 milyon manat məcburi ehtiyatlara ayrılıb.
Daha 11 milyon manat isə vergi kimi ödənilib. Nəticədə bank yarım ili 50,6 milyon manat xalis mənfəətlə bağlayıb.
Hesabat dövrünün sonuna bankın aktivləri 5 milyard 955 milyon manat təşkil edib. Bu dövrdə bank qiymətli kağızlara yatırımları 241 milyon manat artıraraq ümumi məbləği 1 milyard 797 milyon manata çatdırıb. Müştərilərə verilən kreditlərin həcmi isə 2 milyard 196 milyon manat təşkil edib.
Son 6 ayda «Paşa bank» digər banklardakı vəsaitlərinin 233 milyon manatını geri çəkib və son məbləğ 308,5 milyon manat təşkil edib.
Hesabat dövrünün sonuna «Paşa Bank»ın öhdəlikləri 5 milyard 399 milyon manatı keçib. Bunun 4 milyard 534 milyon manatı depozit və əmanətlərdir.
Bundan başqa, «Paşa Bank»da digər bankların təqribən 300 milyon manat depozitləri və başqa maliyyə təşkilatlar qarşısında 299 milyon manatlıq kreditləri də var.
Bankın kapitalı isə 544,6 milyon manat təşkil edir.