Ötən ilin eyni dövrü ilə müqayisədə Muğanbank ASC-nin gəlirləri 4 dəfədən çox artmışdır.
Bankdan FED.az-a verilən məlumata görə, ötən ilin ilk 9 ayını 1.88 mln. manat zərər ilə işləyən bank, bu ilin eyni dövrünü 602 min manat xalis mənfəətlə başa vurmağı bacarmışdır.
Bankın açıqladığı maliyyə göstəricilərinə əsasən, ötən dövr ərzində bankın qeyri-faiz gəlirlərinin artdığı müşahidə olunur. Bu da öz növbəsində bankın daha stabil gəlir mənbələrini hədəflədiyini deməyə əsas verir.
Bununla belə ötən dövr ərzində “Muğanbank“ ASC kredit portfelininin həm keyfiyyət həmçinin də kəmiyyət göstəricilərini artırmağa nail olmuşdur. Belə ki, bankın kredit portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 44.5 mln. manat və ya 13,2% artaraq 380.4 mln. manat olmuşdur.
Kredit portfelinin strukturuna gəldikdə isə, bank tərəfindən verilmiş biznes kreditləri 45.3 mln. manat və ya 22,2% artaraq 248.2 mln. manata, istehlak kreditləri isə 4.2 mln. manat və ya 19,3% artaraq 25.9 mln. manata çatmışdır.
Muğanbankın depozit portfeli də öz növbəsində bankın kredit portfelinə mütənasib olaraq 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 29.1 mln. manat artaraq 307.8 mln. manata çatmışdır.
Ümumilikdə, Bankın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 53.3 mln. manat (və ya 9%), məcmu kapitalı isə 9.6 mln. manat (və ya 10.5%) artaraq, müvafiq olaraq 643.9 mln. manata və 101.4 mln. manata yüksəlmişdir.