Azərbaycan bankları və şirkətləri Rusiya ilə əlaqələrin məhdudluğu, neft qiymətlərinin yüksək olması və milli valyutanın sabitliyi sayəsində geosiyasi risklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir.
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
FED.az xəbər verir ki, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyi bildirir.
Agentliyin qiymətləndirmələrinə görə, 2022-ci ildə başlayan güclü iqtisadi artım, şaxələndirmə və ticarət axınlarının yönləndirilməsi fonunda Mərkəzi Asiya və Qafqaz ölkələrinin maliyyə və korporativ sektorları üçün fəaliyyət şərtləri əlverişli olaraq qalır.
"Mərkəzi Asiya və Qafqaz ölkələrinin bank sistemləri əhəmiyyətli kapital və likvidlik ehtiyatına malikdir, reytinq verdiyimiz şirkətlərin əksəriyyəti isə orta səviyyəli borc yükünə malikdir və şokların udulması üçün böyük likvidlik ehtiyatlarını qoruyub saxlayır", - "Moody`s" qeyd edir.
Enerji daşıyıcılarının yüksək qiymətləri neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycan ("Baa3", proqnoz - "sabit") və Qazaxıstanın büdcə mövqelərinə müsbət təsir göstərir.
"Biz həmçinin tənzimləmənin sərtləşdirilməsi hesabına bankların göstəricilərinin dəstəklənəcəyini gözləyirik. Qazaxıstan və Azərbaycanda əsasən yerli bankların aktiv olduğu iqtisadiyyatın qeyri-neft sektorunun davamlı artımı dövlətin diversifikasiya tədbirləri ilə daha da gücləndirilir ki, bu da bank fəaliyyətini stimullaşdırır. Bu isə tənzimləmənin sərtləşdirilməsi ilə yanaşı, bank sektorunda güclü nəticələrə: yüksək gəlirliliyə, kredit portfelinin keyfiyyətinin yaxşılaşmasına və sistem risklərini azaldan etibarlı kapital və likvidlik buferlərinə gətirib çıxarıb", - "Moody`s"in məlumatında bildirilir.
Agentlik vurğulayıb ki, Azərbaycan bankları kapital axını və valyuta məzənnəsinin dəyişkənliyi risklərinə daha az məruz qalır, çünki manat de-fakto ABŞ dollarına bağlıdır. Bundan başqa, ölkənin bank sistemi yüksək daxili likvidliyə, qeyri-neft sektorunda dayanıqlı göstəricilərə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlət tədbirlərinə, həmçinin etibarlı kapital buferlərinə əsaslanır.
Bununla yanaşı, "Moody`s"in analitikləri qeyd edirlər ki, daha az əlverişli xarici konyunktura şəraitində bəzi Azərbaycan banklarının xarici maliyyələşdirmə cəlb etmək planları məhdudlaşa bilər. Lakin ümumilikdə milli maliyyə sisteminin sabitliyi və korporativ sektorun mötədil borc yükü ölkənin xarici şoklardan səmərəli şəkildə qoruyur. (Report)













