Bir neçə ildir ki, konsolidasiya ilə gündəmdə olan Yelo Bank (keçmiş Nikoil Bank-red.) başqa bir bankla birləşmə qərarından tam şəkildə imtina edib. Bunu rəsmi olaraq açıqlayan "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənovun təyinatından sonra bankda struktur islahatları aparılıb və bank korporativ bankçılıqdan pərakəndə bankçılığa keçid edir. Bu ilin yanvar-mart aylarının nəticələrinə görə “zərər sindiromu”nu sındıran bank yüksək mənfəətlilik ortaya qoya bilib.
FED.az Ena.az-a istinadən "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənovun müsahibəsini təqdim edir:
- Cənab Həsənov, sizin əvvəlki fəaliyyətinizi də nəzərə alsaq, demək olar ki, “böhran komandası” böyük tərkibdə “YeloBank”a transfer olub.Yeni komanda qarşısına hansı məqsədləri qoyub?
- Bankın səhmdarı ilə görüşdə qərarımız belə oldu ki, Yelo Bank konsolidasiyadan imtina edir. Korporativ bankçılıqdan tədricən pərakəndə bankçılığa keçid edəcəyik. Struktur islahatları aparılıb, Müşahidə Şurasının tərkibini dəyişməyi düşünürük, təkliflər hazırdır, amma qərar verilmədiyindən açıqlamaq tezdir. İdarə Heyətinin tərkibi yenilənib. Bank yeni strategiyasını qəbul edib və hədəflər, istiqamətlər bəllidir. Komandada dəyişiklik var və çalışırıq ki, peşəkarlarla birlikdə əla bir heyət formalaşdıraq. Hədəfimizə gəlincə, məqsədimiz odur ki, bütün rəqəmlər üzrə artıma nail olaq. Bankın əməliyyat göstəriciləri, bank məhsulları, bəzi filialların lokasiyasını dəyişmək fikrindəyik. Qarşıdakı 3 il ərzində mikrokreditləşmədə ilk üçlükdə, pərakəndə bankçılıqda ilk beşlikdə olmağı hədəfləmişik.
- Yelo Bank olaraq, pərakəndə bankçılığa keçməyi hədəfləmisiniz. 2021-ci ilin üç ayına baxsaq, daha çox biznes kreditlərində artım diqqətə çarpır...
- Dünyanın hər yerində krizisdir və təcrübə göstərir ki, məhz kiçik sahibkarlıq bu dönəmlərdə iri sahibkarlıq subyektlərilə müqayisədə daha effektiv işləyir. Biz mikro kreditləşməni artırmışıq. Hesab edirəm ki, Azərbaycanda orta sahibkarlıq siqmenti inkişaf etməyə davam edəcək. Bunu təcrübəmə əsasən deyə bilərəm ki, orta və kiçik bizneslər belə hallara daha tez adaptasiya olaraq, ayaqda qalır. Pandemiyanın davam etdiyi bir dövrdə, təkcə mart ayında 25 milyon manat kredit vermişik. Bu, çox yaxşı göstəricidir. Əsas kredit alıcılarımız ticarət, xidmət, aqrar sektorda çalışan kiçik və orta sahibkarlardır. Ümumiyyətlə, krizislər daha çox iri holdinq, korporasiyalara ziyan vurur, yaşadığınız binanın həyətindəki kiçik mağaza isə əvvəlki qaydada çalışır. Həmçinin, pərakəndə bankçılığı inkişaf etdirmək mümkündür, çünki əhalinin bəlli gəlirləri var və bu imkan verir ki, bank alətləri inkişaf etsin.
Pandemiyanın ümumilikdə bank sektoruna ciddi təsiri var. Gəlin, çox yox, öz şəxsi xərcləmələrimizə nəzər salaq. 2020-ci ildə siz 2019-cu ildə olduğu qədər vəsait xərcləməmisiniz. Uçuşlar təxriə salınıb, ticarət, iaşə mərkəzləri bir müddət işləmədi, səyahətlər ləğv edilib, bunlar isə nəticədə pul dövriyyəsinin azalmasına və bank əməliyyatlarının həcminə mənfi təsir edir.
- "Yelo Bank"ın depozit portfelində azalma tendensiyası zəifləsə də, davam edir.
- Bəli, valyutada olan depozit portfelimiz azalıb, depozit şərtlərinə yenidən baxmışıq. Valyutada olan kreditlərə yüksək faizlər verilirdi. Halbuki, kreditlər əsasən manatla verilir. Yüksək faizlə xarici valyutanı götürmək sərfəli deyil, çünki bank depozitlə kredit arasındakı faizdən gəlir götürür. Həmçinin kiçik həcmli depozitlərdə müəyyən qədər azalma var, çünki insanlar ehtiyacları olduğu təqdirdə ilk növbədə şəxsi yığımlarını geri götürürlər. Komandamız depozit portfeli üzrə yeni məhsulların yaradılması üzərində işləyir.
- “Yelo Bank”ın əvvəlki illərdən toplanmış zərərinin “bağlanması”ilə bağlı planlarınız necədir?
- Düzdür, təkcə ötən il bankın 40 milyon manat həcmində zərəri vardı. Bu ilin yanvar-mart aylarının yekununda biz 5 milyon 670 min manat mənfəət açıqladıq. Bu göstərici ilə ilk beşlikdəyik. Ümumi zərərə gəlincə, problemli kreditlər portfelinin 90%-i üzrə ehtiyatlara ayırmalar var. Həmin kreditlər həll edildikdən sonra ehtiyata ayırmalar gəlir olaraq banka geri dönəcək. Ona görə də bu məsələyə çox pozitiv baxırıq. Qeyd edim ki, son altı ayda verilən kreditlərdə gecikmə 2%-i ötmür. Üstəlik, birinci rübdə hər ay 5 milyon manata yaxın gecikmiş kreditlərdən qaytarma olub və belə davam etsə, likvidliyin yüksəlməsinə, həmin vəsaitlərin yenidən kreditləşməyə yönəldilməsi sayəsində mənfəətliliyin artmasına nail olacağıq.
- Problemli kreditlər portfelinin neçə faizi ümidli kreditlərdir?
- Düşünürəm ki, 70%-ni qaytarmaq mümkündür.
- Kreditlər üzrə şərtlərə yenidən baxılması (restruktrizasiya) problemli kreditlər portelinə nə qədər müsbət təsir edib?
- Çox müsbət təsiri oldu. Banklar müştərilərinə yeni yanaşma tətbiq etdilər, kredit şərtlərinə yenidən baxıldı. Pandemiya nəticəsində bizneslər də ziyan çəkib və restruktrizasiya müştərinin müəyyən vaxt ərzində çətinlikdən çıxması üçün bir imkan qazandırır.
- Kreditlərin bu cür restruktrizasiyası problemi bir müddət dondurmaq effekti verməyəcək ki?
- Əslində, müəyyən mənada haqlısınız. Bu, dalğavari bir prosesdir və nəticələrini sonra da göstərə bilər. Bunun üçün bankımızın risk alətləri var, eyni zamanda müştərinin bu dövrdə hərəkəti izlənməlidir.
- Bankın likvidlik əmsalı necədir?
- Bankımız likvidlik və ümumiyyətlə bütün prudensial normativlərə tam cavab verir.
- Azərbaycanda Rusiya kapitallı iki bank fəaliyyət göstərir. Fəaliyyət istiqamətlərində kəsişdiyiniz nöqtələr çoxdurmu?
- Yelo Bank azərbaycanlı iş adamına məxsus bir bankdır və Rusiya kapitallı bank demək düzgün olmaz. Bu bank Azərbaycan xalqına xidmət göstərir. Bankımız bank bazarında daha yaxşı məhsullar, xidmət və şəffaf fəaliyyətilə öndə olmağı hədəfləyib.
- Müsahibə üçün təşəkkür edirəm.
- Buyurun.