Qlobal kredit reytinqi agentliyi "Moody's Ratings" "Kapital Bank" ASC-nin uzunmüddətli yerli və xarici valyutada depozit reytinqlərini Ba2 səviyyəsində təsdiqləyib. Uzunmüddətli depozit reytinqləri üzrə proqnoz "müsbət" olaraq qalır.
FED.az xəbər verir ki, bu barədə "Moody's Ratings" məlumat yayıb.
Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments) ba3 səviyyəsində təsdiqlənib.
Vurğilanıb ki, "Kapital Bank"ın ba3 BCA və Ba2 uzunmüddətli bank depozit reytinqlərinin təsdiqi Kapital Bank-ın yaxşı aktiv keyfiyyətini və gəlirliliyini, bazar maliyyələşdirməsindən məhdud asılı olan sabit maliyyələşdirmə bazasını və geniş likvidliyi əks etdirir.
Qeyd edilib ki, "Kapital Bank"da problemli kreditlər 2024-ü ilin sonunda ümumi kreditlərin 2,5%-ni təşkil edib. Eyni tarixdə problemli kreditlərin 150%-inə yaxın ehtiyat mövcud olub. Tarixən Kapital Bank-ın aktivlərinin keyfiyyəti digər iri banklardan daha yaxşı olub, çünki bank öz mövcud müştərilərinə, o cümlədən əmək haqqı müştərilərinə, büdcədən maaş alanlara və təqaüdçülərə kredit verir.
"Biz Kapital Bank-ın aktivlərinin keyfiyyətinin əlverişli iqtisadi şəraitlə dəstəklənən növbəti 12-18 ay ərzində sabit qalacağını gözləyirik", - "Moody's Ratings" qeyd edib. (Marja)