Ölkənin bank sektorunun liderlərindən olan "Kapital Bank" ASC 2025-ci ilin ilk yarısının yekunlarının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bankın yarım illik hesabatı bankın böyüməyə davam etdiyini, eləcə də gəlir və mənfəətinin artdığını göstərir. Bəzi göstəricilər isə Bankın təkcə miqyasla deyil, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Faiz gəlirləri 40% artıb
2025-in ilk 6 ayında "Kapital Bank"ın faiz gəlirlərində böyük artım olub. Xatırladaq ki, faiz gəliri bankın gəlir maddəsində əsas yeri tutur. İlk yarım ildə bankın faiz gəlirləri 562 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 170 milyon manat və ya 43,5% artım deməkdir. Bu dövrdə banka əsas gəliri ənənəvi olaraq kredit portfeli gətirib. Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri 123 milyon manat və ya düz 38% artaraq 445 milyon manata yüksəlib.
Bankın qiymətli kağız portfeli də ona ciddi gəlirlər gətirməyə başlayıb - ticarət və investisiya qiymətli kağızları üzrə gəlirlər 96,4 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıqdır.
Əlavə olaraq «Kapital bank» ilk yarım ildə digər faiz gəlirləri kimi 11,1 milyon manat (50% artım), başqa banklardakı depozitlərdən 7,2 milyon manat əldə edib.
Faiz xərclərində ikiqat artım
2025-ci ildə Bankın cəmi faiz xərcləri 2 dəfə artaraq 185 milyon manata yüksəlib. Artımın əsas səbəbi bankın öz əmanətçilərinə ödədiyi faiz gəlirlərini ikiqat artırmasıdır. İlk yarım ildə «Kapital bank»da əmanəti olanlar 136 milyon manat gəlir əldə ediblər. Bundan başqa, «Kapitalbank» Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə 7,4 milyon manat, indiyədək buraxdığı qiymətli kağızlar üzrə 15,4 milyon manat, cəlb edilmiş kreditlərə görə 13,3 milyon manat faiz ödəyib.
Sonda Bankın xalis faiz gəliri 370,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 78 milyon manatlıq (27%) artım deməkdir.
Qeyri-faiz gəlirləri və xərcləri
2025-ci ilin ilk yarsında Bankın qeyri-faiz gəlirləri 311,4 milyon manata çatıb ki, bu da 36,3 milyon manat və ya 13,2% artım deməkdir. Bu məbləğin böyük hissəsi – 280 milyon manatı haqq və komissiya gəliridir. Hesabat dövründə haqq və komissiya gəliri ötən ilə nisbətən 32 milyon manat və ya 13% artıb. Xarici valyuta əməliyyatlarından isə 23 milyon manat gəlir olub.
«Kapital Bank»ın qeyri faiz xərcləri də həmin sürətlə böyüməkdədir. Bu xərc maddəsi 85 milyon manat və ya 24% artaraq 447 milyon manata yüksəlib. Hesabat dövründə əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 140 milyon manata çatıb ki, bu da illik 21,5 milyon manatlıq (18%) artım deməkdir.
Ümumi və inzibati xərclər 44,6 milyon manata yüksəlib - 10 milyon manat və ya 29,5% artım. Bankın böyük həcmdə əmlak sahibi olması onun amortizasiya xərclərini də artırıb - 25 milyon manat və ya ötən ilə nisbətən 5 milyon artıq.
Bankın qeyri-faiz xərclərində əsas yeri «Digər xərclər» tutur - 237,5 milyon manat və ya ötən ilə nisbətən 49 milyon manat çox.
Xalis mənfəət 154 milyon manata çatıb
Bütün gəlir və xərcləri ümumiləşdirəndə ilk yarım ildə «Kapital»ın əməliyyat mənfəəti 235 milyon manata yüksəlib (ötən ildən 29 milyon manat artıq), bundan mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar isə 43 milyon manat təşkil edib.
Vergidən əvvəlki mənfəət 191,5 milyon manata çatıb, 37,6 milyon manat mənfəət vergisini də nəzərə alanda, bank yarım ili 154 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən ilə nisbətən 30 milyon manatlıq artım deməkdir.
«Kapital bank» yarım ildə 2,7 milyard manat böyüyüb
Hesabat dövrünün sonunda Bankın cəmi aktivləri 12,7 milyard manata yüksələrək 2 milyard 729 milyon manat (27,3%) artıb. Cəmi öhdəliklər 11,6 milyard manata, cəmi kapital isə 1,1 milyard manata yüksəlib.
Aktivlərin vəziyyəti
«Kapitalbank»ın aktivləri arasında əsas yeri kredit portfeli tutur – 4,75 milyard manat. İlin əvvəlindən bəri kredit portfeli 477 milyon manat və ya 11% artıb.
Aktivlərdə sonrakı yeri nağd pul vəsaitləri tutur – yarım ildə 360 milyon manat artaraq 3,12 milyard manata çatıb.
İlk yarım ildə «Kapital» qiymətli kağızlara yatırımları 2 dəfədən çox artıraraq 3,2 milyard manata çatdırıb. Yeri gəlmişkən, «Kapital Bank» təkcə yerli bankların deyil, ABŞ qiymətli kağızlarına da vəsait yatırır.
«Kapital»ın başqa banklardakı depozitləri 39 milyon manat artaraq 627 milyon manata yüksəlib. Digər aktivlər isə 171 milyon manat artaraq 628 milyon manata yüksəlib.
Biznes kreditlərində 51% artım
İlk yarım ildə «Kapital Bank»ın kredit portfelini həcmi artıb. Biznes kreditləri 110 milyon manat artaraq 1 milyard 720 milyon manata çatıb.
İstehlak kreditləri isə yarım milyard manar artaraq 3 milyard 048 milyon manata yüksəlib.
Bankın ipoteka kreditləri isə 602 milyon manat olub.
Depozit portfeli 2 milyard böyüyüb
İlk yarım ildə «Kapitalbank»ın öhdəlikləri 2,5 milyard manat artıb və 11,6 milyard manata çatıb.
Bankın depozit portfeli 1,9 milyard manat artaraq 9,5 milyard manat təşkpl edib. Bankda fiziki şəxslərin əmanətləri 413 milyon manat artımla 3 milyard 76 milyon manata yüksəlib (15% artım). Hüquqi şəxslərin depozitlərində isə 30% artım olub və 6 milyard 401 milyon manata çatıb.
Öhdəliklərlə bağlı dahşa bir məraqlı məqam – ilk yarım ildə «Kapital»ın Mərkəzi Bank qarşısında 563 milyon manatlıq yeni öhdəliyi yaranıb. Digər maliyyə qurumları qarşısında öhdəliklər isə 100 milyon manat azalaraq 729 milyon manata enib.
Kapitalı 1 milyard manatı keçdi
İlky yarım ilin nəticəsi olaraq «Kapitalbank»ın cəmi kapitalı 1 milyard manatı keçərək 1 milyard 105 milyon manata çatıb. Səhmdarlaın vaxtilə banka yatırdığı 266 milyon manat olduğu kimi qalır, əvəzində cəmi kapitalın 753 milyon manatı bölüşdürülməmiş mənfəətdir.