Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın gələcəkdə "İslam pəncərələri" modelinin istifadəyə verilməsini nəzərdə tutur, müstəqil İslam banklarının fəaliyyətə başlaması isə sonrakı mərhələlərdə dəyərləndiriləcək.
İslam Bankı Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2026-cı ilin birinci yarısında iki bank Mərkəzi Bankın tənzimləyici "sandbox" rejimi daxilində İslam maliyyə məhsullarını təqdim etməyə başlayıb. Sınaq prosesi 2027-ci ilədək davam etdiriləcək.
Agentlikdən vurğulanıb ki, Mərkəzi Asiya regionunda İslam maliyyələşdirilməsinin potensialı həyata keçirilən islahatlar və Fars körfəzi dövlətləri tərəfindən artan maraqla gücləndirilir.
"Fitch"in qiymətləndirməsinə əsasən, 2026-cı ilin əvvəlindən Mərkəzi Asiyanın müxtəlif ölkələrində işə salınmış tənzimləyici təşəbbüslər, habelə Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrindən olan investorlar və çoxtərəfli İslam qurumları ilə əməkdaşlığın genişlənməsi regionda İslam maliyyəsi sektorunun böyüməsinə stimul verə bilər. Eyni zamanda, bu potensialın tam realizasiyası üçün ardıcıl dövlət dəstəyi, bərabər vergi rejimi, eləcə də əhalinin məlumatlılıq və inam səviyyəsinin yüksəldilməsi zəruridir. Agentlikdən bildirilir ki, regionda bu sahə hələlik kifayət qədər inkişaf etməyib və irəliləyiş natamam xarakter daşımaqdadır.
"Qazaxıstan və Qırğızıstan yaxın bir neçə ildə regional genişlənmənin hərəkətverici qüvvələri olmağa hazırdır. Azərbaycan və Özbəkistan isə hələ ki əsas təməli formalaşdırır. Bununla belə, "Fitch" 2026-cı ilin sonuna Qırğızıstan, Qazaxıstan və Tacikistanın daxili bazarlarında İslam banklarının payının bank sektorunun məcmu aktivlərinin 1,5 %-dən aşağı qalacağını gözləyir", - məlumatda qeyd olunub.
Artımın başlıca amillərindən biri əlverişli tənzimləyici mühit və əhalinin maliyyə xidmətləri ilə kifayət qədər əhatə olunmamasının yüksək göstəricisi ola bilər.
"Dünya Bankının 2024-cü il üzrə statistikasına görə, İslam bankçılığı bank hesabı olmayan əhalinin nisbətinin hələ də yüksək olaraq qaldığı regionda maliyyə əlçatanlığını artıra bilər: Tacikistan - 45 %, Azərbaycan - 44 %, Özbəkistan – 40 %, Qırğızıstan – 28 %, Qazaxıstan – 13 %", - agentlik bildirir.
Sektorun böyüməsində Fars körfəzi ölkələrinin strukturları, o cümlədən baş qərargahı Səudiyyə Ərəbistanında olan İslam İnkişaf Bankı (IsDB) Qrupu da əhəmiyyətli rol oynayır. Aprel ayına olan məlumata görə, IsDB tərəfindən region dövlətlərinə yönləndirilən maliyyələşdirmənin həcmi 10 milyard ABŞ dollarını keçib. Ən böyük vəsaiti Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan əldə edib.
"Fitch" hesab edir ki, Körfəz dövlətlərindən olan investorların əvvəllər Böyük Britaniya, Türkiyə, Malayziya və Qazaxıstanda İslam maliyyəsinin inkişafına dəstək verməsinə bənzər şəkildə, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələri ilə sıx əlaqələr də bu sektorun böyüməsini sürətləndirə bilər.
Bundan başqa, agentlik mövcud məhdudiyyətlərə də diqqət yönəldir. Region ölkələri əhalisinin böyük əksəriyyətinin İslam dininə etiqad etməsinə baxmayaraq, İslam maliyyə alətləri barədə məlumatlılıq və onlara etimad hələ də aşağı səviyyədə qalır, şəriət normalarına münasibət isə ölkədən ölkəyə fərqlənir.
"Fitch", eyni zamanda, təklif tərəfindən əsas çətinliklər arasında qanunvericilikdəki boşluqları, məhdud məhsul portfelini, kifayət qədər inkişaf etməmiş filial və rəqəmsal infrastrukturu, dayanıqlı və gəlirli biznes modellərinin mövcud olmamasını, dini motivasiyadan kənarda məhsulların zəif rəqabətqabiliyyətliliyini, habelə İslam investorlarının və digər bazar iştirakçılarının az sayını xüsusilə vurğulayır.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov açıqlamışdır ki, İslam maliyyəsi ilə əlaqədar qanunvericilik paketlərinin cari il ərzində təsdiq olunacağı gözlənilir. Bu addım yerli banklara müştərilərə İslam bankçılığı məhsullarını təqdim etmək imkanı yaradacaq.
Onun sözlərinə görə, bütün zəruri qanunvericilik paketləri hazırlanıb və razılaşdırma prosesindədir: "Ümidvaram ki, bu il bu sənədlər təsdiq olunacaq. Bütün banklarımız həm İslam maliyyəsinə aid kreditlər, həm də depozitlərlə bazara daxil ola biləcəklər". (report)














