Cari ilin yekunlarına görə, "Expressbank"ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi (ehtiyatlar çıxılmadan) 549,7 milyon manatı ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 milyon manata yaxın, yəni 9,5% artım deməkdir.
Portfelin artımında əsas rolu biznes kreditləri oynayıb. Maliyyə qurumunun biznes kreditləri portfeli il ərzində 33,8 milyon manatdan çox (20,5%) artaraq 199,2 milyon manata çatıb.
Daşınmaz əmlak kreditlərinin həcmi 122,1 milyon manata bərabər olub. Bu da illik 8,5 milyon manat (7,5%) artım deməkdir.
İstehlak kreditlərində isə daha mülayim artım qeydə alınıb; bu portfel 5,4 milyon manat (2,4%) artaraq 228,4 milyon manata yüksəlib.
Kredit portfelinin böyüməsi fonunda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi də 4,4 milyon manatdan çox (51,8%) artaraq təxminən 13 milyon manat təşkil edib.
Xatırladaq ki, ötən il "Expressbank"ın ümumi kredit portfeli 502 milyon manata yaxın olub.











