Azərbaycan bank sistemində ən zəif bank təşkilatlarından olan Bank “BTB” ASC 2021-ci ilin 1-ci rübünü 365 min manat xalis mənfəət ilə başa vurub ki bu da 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2,1 dəfə azdır. Əvvəlki ildə bankın mənfəəti 762 min manat olmuşdu.
FED.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə 7 milyon 984 min manat təşkil etmiş cəmi əməliyyat gəlirləri 2021-ci ilin eyni dövründə 8 milyon 168 min manata yüksəlib. O cümlədən Bankın faiz gəlirləri 6 milyon 623 min manatdan 6 milyon 101 min manata düşüb, qeyri-faiz gəlirləri isə 1 milyon 361 min manatdan 2 milyon 67 min manata yüksəlib.
Bank “BTB”nin cəmi əməliyyat gəlirlərinin 184 min manat artması ilə bərabər, cəmi əməliyyat xərcləri 1 milyon 52 min manat artıb.
2021-ci ilin 1-ci rübündə Bank “BTB” ASC-nin cəmi əməliyyat gəlirləri 8 milyon 168 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 108 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 60 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 306 min manat mənfəət əlavə edilib. Beləliklə, “BTB” ASC 2021-ci ilin 1-ci rübünü 365 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə Bank “BTB”nin cəmi əməliyyat gəlirləri 7 milyon 984 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 56 min manat, əməliyyat mənfəəti 928 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 166 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyata ayırmış və həmin dövrü 762 min manat xalis mənfəət ilə bağlamışdı.