"Bank olmayan kredit təşkilatlarının aktiv kredit verməsi insanların sahibkarlıq fəaliyyətinə başlaması, maliyyə sisteminə qoşulması, bizneslərini genişləndirməsi, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatda daha fəal iştirak etməsinə səbəb olur".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "PAŞA Bank"ın maliyyə institutları və xidmətləri sektorunun rəhbəri Zahid Əfəndiyev Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, məhz bu baxımdan bankların və bank olmayan kredit təşkilatlarının fəaliyyəti böyük əhəmiyyət daşıyır:
"Vətəndaşın sahibkarlıq fəaliyyətinə başlaması, avadanlıq alması və dövriyyəsini artırması üçün maliyyə dəstəyi lazımdır. Bəzən sahibkarların rəsmi maliyyə hesabatları tam olmur. Bu zaman onların kiçik məbləğli kreditlərə çıxışının təmin edilməsində BOKT-lərin rolu ön plana çıxır.
BOKT-lər regionlarda fəaliyyət göstərir və kiçik sahibkarlara banklarla müqayisədə daha kiçik məbləğlərdə kreditlər təqdim etmək imkanlarına malikdirlər. Təbii ki, bankların da özünəməxsus üstünlükləri var. Bunlara daha böyük həcmdə maliyyə təqdim etmək imkanları, risklərin idarə edilməsi təcrübəsi və institusional inkişaf səviyyəsi daxildir.
Burada vacib məqam ondan ibarətdir ki, banklar və BOKT-lər bir-birinə alternativ deyil, bir-birini tamamlayan maliyyə sisteminin iştirakçılarıdır".















